“Vilyam başını qırxdırmaq üçün məni zorla İmişliyə apartdırdı” - Türkiyəli bərbər
03 iyun 2022 16:10 (UTC +04:00)

“Vilyam başını qırxdırmaq üçün məni zorla İmişliyə apartdırdı” - Türkiyəli bərbər

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev prokurorun suallarını cavablandırıb.

Prokuror əvvəlcə Vilyam Hacıyevdən Arxiv idarəsinin müdiri Rəşad Cəfərovu tanıyıb, tanımadığını soruşdu. 

Təqsirləndirilən şəxs isə onu tanımadığını dedi:

“Ortada fakt yoxdursa, necə bir insana “Sən rüşvət almısan” deyə bilərsən. Xeyir, tanımıram. Düzdür, soruşanda demişəm ki, arxiv müdiri filankəsdir. Amma şəxsi tanışlığım yoxdur”.

Prokuror:

- Oktay Tağıyev. Bu insanı necə, tanıyırsınızmı?

Vilyam Hacıyev həmin şəxsin memarlıq şöbəsində olduğunu və yalnız işçi kimi tanıdığını bildirdi. 

Prokuror zərərçəkmiş Orxan Nağıyevin Vilyam Hacıyevə verdiyi 2000 manatla bağlı sual etdi. 

Vilyam Hacıyev isə bunun yalan və böhtandan ibarət olduğunu dedi.   

Vəkil bu məsələyə etiraz edərək həmin məsələnin istintaqdakı ifadədə olduğunu nəzərə çatdırdı:

“Orxan Nağıyev istintaqdakı ifadəsində deyib onu. Amma məhkəmədəki ifadəsində elə bir söz deməyib”.

Prokuror növbəti sualını ünvanladı:

- Olub ki, heç tikinti işi ilə məşğul olanlar maneələrlə qarşılaşsın və sizə müraciət etsin?

Vilyam Hacıyev belə bir halın olmadığını deyərək, adı çəkilməyən məsələlər barədə ona sual verilməməsini xahiş etdi:

“Xeyr. Mən çox xahiş edirəm ki, adı çəkməyən məsələləri məndən soruşmayın. Mənə şəxsən pul verməyibsə, o sualı mənə niyə ünvanlayırsınız? Bir işçi deyə bilməz ki, mən Vilyam Hacıyevə rüşvət vermişəm. Bu sualları mənə verməklə vaxt aparırsınız.

Hakim sabiq icra başçısının etirazına münasibət bildirdi:

“Əgər əlaqən yoxdursa, de yoxdur, tanımıram”.

Prokurorun V.Hacıyevdən soruşduğu növbəti şəxs isə maliyyə şöbəsinin rəisi Rəhim Rəhimov oldu.  

- Maliyyə şöbəsinin rəisi Rəhim Rəhimovu tanıyırsınız?

Vilyam Hacıyev:

- Maliyyə şöbəsinin müdiri olub. Başqa heç nə deyə bilmərəm.

Daha sonra dövlət ittihamçısı yardımların ayrılması ilə bağlı sual ünvanladı:

- Yardımların ayrılması ilə bağlı proseslərə nəzarət edirdinizmi?

Vilyam Hacıyev:

- Yardımların ayrılması ilə kənd icra nümayəndəsi və maliyyə şöbəsinin müdiri maraqlanırdı. Mənim bu prosesdə heç bir imzam yoxdur.

Dövlət ittihamçısı:

- Qeyd olunub ki, yardımların yarısını icra hakimiyyəti alırdı. Bu barədə məlumatınız vardı?

Vilyam Hacıyev:

- Xeyr, bu barədə bir şikayət və ya məlumat mənə daxil olmayıb. Əgər bilsə idim, hüquq-mühafizə orqanlarına müraciət edərdim. 

Sonra prokuror hakimdən İmişli şəhərindəki mənzillərin verilmə qaydası ilə bağlı Vilyam Hacıyevin ifadəsini elan etməsini tələb etdi.

Bu məqamda Vilyam Hacıyev həmin ifadəni qəbul etmədiyini dedi:

“Mən ifadəni qəbul etmirəm. Onu mən pis vəziyyətdə olanda özləri yazıb. Mən əgər o izahatı öz imzamla yazmamışamsa, qəbul etmirəm. Mən xəstə olanda gəlib kamerada imza çəkdirdilər. Özləri yazdı izahatı. Mən özümə gələndən sonra izahat yazmışam. Ad çəkmirəm. Amma mənə dedilər ki, “filankəs deyib, bu vərəqə imza atmalısan”, mən də məcbur imza atdım”. 

Dövlət ittihamçısının sualları bitdikdən sonra prosesdə Bakıda bərbər fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşının ifadəsi elan edildi.

Sözügedən bərbər istintaq zamanı verdiyi ifadəsində pandemiya dövründə icra başçısının sifarişi ilə rayona aparıldığını deyib:

“Vilyam Hacıyev mənim müştərimdir. Pandemiya vaxtı idi, mənə zəng edib dedi ki, İmişliyə gəlməlisən. Mən də gələ bilmədiyimi dedim. Sonradan məni qanunsuz yolla, zorla İmişliyə apartırdı".

Prosesdə cinayət işi üzrə zərərçəkmiş DOST İş Mərkəzinin hüquqşünası və Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri mülki iddia qaldırdı. 

Məhkəmə DOST İş Mərkəzinin ərizəsini icraata qəbul etdi.

DOST İş Mərkəzi 274 min 894 manat, Kürdəmir Regional Mədəniyyət İdarəsi isə 31 min manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etdi.

Məhkəmə Vilyam Hacıyevi mülki cavabdeh, qarşı tərəfi isə mülki iddiaçı kimi qiymət verdi.

Sabiq icra başçısının ittiham olunduğu qanunsuz silah saxlama maddəsi ilə bağlı (228-ci maddə) ekspertiza rəyi açıqlandı.

Açıqlanan rəyə əsasən, istintaq orqanı tərəfindən aparılan əməliyyat axtarışları zamanı V.Hacıyevin evindən 6 ədəd döyüşə yararlı ov silahı, 65 ədəd isə patron aşkar edilərək götürülüb.

Vilyam Hacıyev ekspertiza rəyinə münasibət bildirərkən silahlarının hamısının qanuni şəkildə alındığını deyib:

“Mən ovçular birliyinin üzvüyəm. Bütün silahlar da qanuni şəkildə, ov üçün alınıb. Onun üçündə barıtın 1 qram çox və ya az olduğunu heç kim bilməz. Ancaq ekspertiza rəyi verməlidir”.

Proses iyunun 6-a təyin edildi.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4896
avatar

Fidan İlqar

Oxşar yazılar