Sumqayıtda silahlı basqın: 2 ölü, 4 yaralı  - FOTO  - YENİLƏNİB
28 oktyabr 2023 09:56 (UTC +04:00)

Sumqayıtda silahlı basqın: 2 ölü, 4 yaralı - FOTO - YENİLƏNİB

Sumqayıtda evə hücum zamanı yaralananların adları bilinib.

Sumqayıt şəhər prokurorluğundan Lent.az-a əlavə olaraq bildirilib ki, hadisə nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcova ölüb, 4 nəfər isə xəsarət alıb.

Belə ki, hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

***
Okytabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***
Saat: 08:13

Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüb.

İlkin məlumata görə yaralılar Fərəcova Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır. 

***

06.59

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki,  hücumda Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb. 

Bundan başqa, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

***

06.46

Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir. 
 

# 13545
avatar

Oxşar yazılar