İyulun 5-i saat 12 radələrində 34 yaşlı Şahmar Kərimovun ölməsi barədə məlumat daxil olub.
Göyçay rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla 39 yaşlı Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranmış mübahisə zamanı Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb.
Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
Saat: 12:20
Göyçayda qətl hadisəsi olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 34 yaşlı Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.