Qeyd dəftərində nələr yazılıb? - Vilyamın MƏHKƏMƏ İŞİ
17 iyun 2022 14:55 (UTC +04:00)

Qeyd dəftərində nələr yazılıb? - Vilyamın MƏHKƏMƏ İŞİ

Uzun zamandır ki, davam edən İmişli rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Lent.az xəbər verir ki, prosesdə sənədlərin tədqiqi davam etdirilib. 

V. Hacıyevin vəkili ittiham tərəfinin sübut hesab etdiyi sənədlərinin məhkəmədə elan olunmasını istəyib.

Prosesdə iş üzrə baxış protokolları ilə yanaşı İmişli rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin qeyd dəftəri də elan edilib. Qeyd dəftərində vətəndaşlardan alınan məbləğlər öz əksini tapıb.

Baş mühasibin qeyd dəftərinin məhkəmədə rəsmi sənəd kimi qəbul olunmasına etiraz edən vəkil bildirib ki, C.Musayev vəzifəli şəxs olub, onun kiminləsə əlaqəsinin müdafiə etdiyi şəxsə heç bir aidiyyatı yoxdur:

“2017-ci ildən etibarən özü qeydlər aparıb. Onun təqdim etdiyi qeyd dəftəri rəsmi sənəd ola bilməz. Sənədin altında möhür, imza olur. Düzgün adam idisə, qanunsuz işlər aparılması ilə bağlı vaxtında hüquq mühafizə orqanlarına müraciət edərdi. İstintaq orqanı bu adam haqqında tədbir görmür”.

Vəkil bildirib ki, baş mühasib pulları özü alıb və bundan Vilyam Hacıyevin xəbəri yoxdur:

”Bu adamın evindi axtarış aparılmayıb, pulları hara qoyması araşdırılmayıb”.

Proses iyunun 20-də davam edəcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Fidan İlqar

Oxşar yazılar