Qayınanası və uşaqlarının gözü önündə arvadını öldürdü - ŞOK TƏFƏRRÜATLAR
20 dekabr 2022 20:15 (UTC +04:00)

Qayınanası və uşaqlarının gözü önündə arvadını öldürdü - ŞOK TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il noyabrın 10-da Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 1992-ci il təvəllüdlü Əsgər Musayev 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı bıçaqlayıb. Bu barədə hadisəni törədən Əsgər özü polisə məlumat verib.

O, dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən Ayşən Rəhimova isə orada ölüb.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən asfaltın üzərində, həmçinin Azər Ağayevə məxsus “Mercedes” markalı avtomobildə qan ləkələri aşkar ediblər. Mərhumun anası istintaqa bıçağın tiyəsini, Mənzil-Komunal Təsərrüfat Birliyinin işçisi isə dəstəyini təqdim edib.
 
Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə baş verən ərazi

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Əsgər Musayevlə Ayşən Rəhimova əvvəllər qeyri-rəsmi nikah münasibətində olublar. Noyabrın 10-u saat 17 radələrində Ayşən Rəhimova azyaşlı övladı Sunayı götürmək üçün anası Sevinc Rəhimova, digər azyaşlı uşaqları Hüseyn və Mələklə İ.Məcidov küçəsində yerləşən evin qarşısına gəlib. Əsgər qısqanclıq zəminində Ayşəni öldürmək üçün bıçağı şalvarının kəmərində gizlədib və evin qarşısında gözləyən “Mercedes” markalı avtomobilə yaxınlaşıb. Qapını açıb və qadının saçlarından tutaraq nəqliyyat vasitəsindən düşürtmək istəyib. Sevinc Rəhimova araya girərək, mane olmaq istəyərkən yaralanıb. Əsgər Ayşəni yerə yıxıb, başına təpik zərbələri vurub. Ardınca, övladları və anasının gözləri qarşısında Ayşənin boynuna bıçaqla zərbə endirib. Ayşən qaçmağa çalışsa da, Əsgər ona çatır və bıçaqla boğazına 2-ci zərbəni vuraraq, Ayşəni öldürür.

İş üzrə dindirilmiş Əsgər Musayev bildirib ki, 2015-ci ildə xalası qızı Leyla Xəlilovanın vasitəçiliyi ilə məktəbdə onunla bir sinifdə oxumuş və anasıgillə, qonşuluqda yaşayan Ayşən Rəhimova ilə tanış olub. 6 aydan sonra sevgilisini öz razılığı ilə Qəbələ şəhərinə qaçırıb:

Əsgər Musayev

“10 gün rayonda qaldıqdan sonra Bakıya qayıtdıq. 3 gün atamgilin evində qaldıqdan sonra Ayşənin ailəsinin razılığı ilə onların evində yaşamağa başladıq. Ayşənlə qeyri-rəsmi nikahdan 2 qızım və 1 oğlum dünyaya gəldi. 2020-ci ildə arvadımın soyuq münasibətinə görə atamgilin yanına qayıtdım. Amma bir müddətdən sonra, uşaqlarsız dözə bilmədiyimə görə Ayşənlə barışdım. Gizli telefon işlətdiyinə görə arvadıma onu öldürəcəyimi bildirdim. Bu barədə qayınanama da dedim. Bunu əvvəlcə qorxutmaq məqsədilə söyləsəm də, sonradan Ayşənin qorxmadığını və öz əməllərindən əl çəkmədiyini gördüm. 2021-ci il sentyabrın 3-də Sevinc Rəhimovanı vurduğum üçün məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilindim. Lakin zərərçəkmiş məni bağışladığı üçün cinayət təqibinə xitam verildi. Son vaxtlar Ayşən mobil telefonu olmadığını bildirsə də, buna inanmırdım. Noyabrın 10-u saat 16 radələrində arvadım “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq, “uşağı mənə verməyəcəyini, övladımı götürsəm, gedib şöbədə ərizə yazacağanı” bildirdi. Təxminən 15 dəqiqədən sonra yaşadığım evin qapısı döyüldü. Qapını açanda Sevinc Rəhimovanı gördüm. 

Qayınanam nəvəsi Sunayı götürmək üçün gəldiyini deyəndə, əvvəl uşağın evdə olmadığını bildirdim. Amma sonra Sunayın paltarlarını geyindirib qucağıma götürdüm və evdən çıxıb “Mercedes” markalı maşına tərəf getdim. Yaxınlaşanda Ayşənin avtomobildə oturduğunu gördüm. Uşağı yerə qoyub qapını açdım və arvadımdan düşməsini tələb etdim. Ayşənin avtomobildən düşmək istəmədiyini görüb saçından tutdum. Sevinc qolumdan tutduğu üçün yoldaşımı maşından çöla çıxara bilmədim. Üzərimdəki bıçağı çıxarıb, arvadıma zərbə vurdum. Ayşən avtomobildən düşüb təxminən 30 metr qaçdıqdan sonra ona çatdım. Qadın yalvarıb zərbə vurmamağımı xahiş edəndə, “uşaqların bu evdə qalacağını” dedim. Ayşən bununla razılaşmadıqda, boynuna daha bir zərbə endirdim. Daha sonra Sevinc Rəhimova qızını avtomobilə otuzdurdu. Onlar çıxıb getdikdən sonra evə keçib paltarlarımı dəyişdim. 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim”.

Ayşənin cəsədi

Əsgər Musayev əlavə edib ki, Ayşən Rəhimovanı öldürmək niyyəti olmayıb, bıçağı onu avtomobildən düşürtmək üçün qorxutmaq məqsədilə göstərib. Hadisə zamanı spirtli içkinin təsiri altında olub. Ayşənlə dalaşarkən anası Sevinc Rəhimova ona mane olduğundan sonuncuya şillə və təpik vurub. Ona ehtiyatsızlıqdan bıçaqla xəsarət yetirib.

Zərərçəkmiş şəxin hüquqi varisi Sevinc Rəhimova ifadəsində göstərib ki, 1996-cı ildən Pirallahı rayonunda, İ.Məcidov küçəsində kirayədə yaşayıblar:

“Kiçik qızım Ayşənin əvvəllər rəsmi nikahı olmayıb. Dövlət tərəfindən bizə ev verildikdən sonra Əsgər Musayevin ailəsi onların rəsmi nikaha daxil olmalarına icazə verdi. Münasibətləri ilk vaxtlarda yaxşı idi. Bir müddətdən sonra Əsgər mütəmadi spirtli içki qəbul etməyə başladı. İçdikdən sonra sanki dəyişib başqa adam olurdu. Ayşəni döyürdü. Əsgər Gürgan qəsəbəsində bizimlə 2 il yaşadı. Böyük nəvəm Sunay çox vaxt atası ilə qalırdı. Hadisədən 2 həftə əvvəl Əsgər Ayşəni “Xaşaxuna bağları” adlanan əraziyə çağırdı. Həmin vaxt işdə olduğumdan bundan xəbərim olmadı. Ayşən ağlayaraq ərinin öldürmək məqsədilə onu həmin yerə çağırdığını demişdi.

Ayşənin cəsədi

Qızımın sözlərinə görə, “onu dar küçəyə apararaq, bıçaq göstərib, o da yalvarıb ki, onu öldürməsin”. Kürəkənimə zəng edib, niyə belə etdiyini soruşanda, o, arvadının söylədiklərini təkzib etdi. Sonra Əsgərin atasının yanına getdim və baş verən hadisəni ona danışdım. Atası da təəssüf hissi ilə “oğlundan bezdiyini” bildirdi. Ayşənin telefonu nasaz olduğundan Əsgər danışmaq üçün mənim mobil telefonuma zəng edirdi. Böyük qızım Sunay Əsgərgildə qaldığından noyabrın 10-da Ayşən uşağı ordan götürmək istədiyini dedi. Birlikdə evdən çıxıb taksiyə əyləşdik. Digər 2 nəvəmi yolüstü baxçadan götürdük. Əsgərgilə yollandıq. Ora çatanda maşından düşüb qapını döydüm. Əsgərin Ayşənə nəsə edə biləcəyini düşündüyümdən qızımı avtomobildən düşməyə qoymadım. Əsgər qapını açdıqdan sonra nəvəm atasının arxası ilə evdən çıxdı. “Uşağı verməsini” söylədikdə, kürəkənim əvvəl razılaşmadı. Lakin sonra fikrini dəyişdi. Əsgər qucağında uşaqla avtomobilə yaxınlaşdı. Ayşənlə mübahisə edərkən, nəvələrim dayanmadan qışqırıb-ağlayırdı. Qəflətən Ayşən maşından çıxıb əks tərəfə qaçanda, Əsgər arxasınca getdi. Onlar təxminən 30 metr kənarda olan ağ rəngli avtomobilin yanında dayandılar. Bir az keçəndən sonra qızımın səndələyərək, qan içində yaxınlaşdığını gördüm. Əsgərin onu bıçaqladığını bildim. Qızımı gətirib maşına otuzdurdum. Əsgər qapını açaraq, üzümə şillə, ayağıma isə təpiklə vurdu. Güclə, birtəhər qapını bağlayıb sürücüyə “xəstəxanaya sürməsini” bildirdim. Xəstəxanaya gedərkən oturacaqda dəstəyi olmayan, qana bulaşmış bıçaq gördüm. Bıçağı polisə təhvil vermək üçün özümdə saxladım. Qızım 3 saylı xəstəxanaya aparıldı. Bir neçə saatdan sonra mənə Ayşənin ölməsi barədə məlumat verildi”.

Ayşən Rəhimova

Sevinc Rəhimova əlavə edib ki, evlərinə gəlmiş kombi ustasını tanımayıb. Həmin şəxs Ayşəni sosial şəbəkələrdən tapıb. Əsgərlə Ayşəni daim qısqanıb və onunla mübahisə edib. Orxan Rəhimov qızının dostu olub, bəzən yaşadıqları evə gəlib. Ayşən Məmməd adlı şəxslə də dost kimi danışıb və görüşüb.
 
Şahid Azər Ağayev ifadəsində, Pirallahı rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu göstərib:

Küçəyə gələn taksi maşını

“Noyabrın 10-da avtomobillə əyləşən iki qadını Əsgər Musayevin yaşadığı evin qarşısına gətirdim. Sevinc Rəhimova qucağında uşaqla maşına oturan kimi dərhal sürməyimi xahiş etdi. Bu zaman Əsgər arxa qapını açdı, Ayşən Rəhimovadan düşməsini tələb etdi. Əsgərə “qapını sındıracağını” dedim. O da “söhbətlərinə qarışmamağımı” bildirdi. Bütün bunlar uşaqların gözləri qarşısında baş verdi. Əsgərin məni vuracağından qorxaraq, kənarda dayandım. Əsgər Sevinc Rəhimovanı dartaraq çölə çıxardı, əlindəki bıçağın qulpu qırılaraq, yerə düşdü. Əsgər yaşlı qadını buraxdı. Ayşənin arxasınca qaçaraq, onu bıçaqladı. Təcili Yardım Stansiyasına apararkən, qız çoxlu qan itirdi, danışa bilmirdi. Uşaqlar qışqırıb-ağlayırdılar”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Musayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8712
avatar

Oxşar yazılar