Türkiyənin paytaxtı Ankarada insan alverinə qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat zamanı insan alverində şübhəli bilinən bir ailənin 3 üzvü, 40 yaşlı Bilal B., onun 22 yaşlı arvadı Azra B. və Bilalın yeznəsi 52 yaşlı Mahmut A. saxlanılıblar.
Araşdırmalar zamanı dəstənin əcnəbi qadınların pasportlarını əllərindən alaraq sənəd imzalatdırmaları və fahişəliyə məcbur etmələri üzə çıxıb.
Əllərində olan qadınların fotolarını kataloqa yığan şübhəlilər onları onlayn yolla sifariş aldıqları kişilərə göndəriblər. Etiraz edənləri isə döyüblər. Əməliyyat zamanı dəstənin hər üç üzvü saxlanılıb. “Fahişəliyə cəlbetmə, vasitəçilik və zorlama” ilə əlaqədar 16 cinayət qeydi olan Bilal B.-nin həbs olunacağını bildiyi an Gürcüstandan keçərək Azərbaycana qaçmaq istədiyi müəyyən edilib. Zərərçəkmiş 15 əcnəbi qadın dəstənin əlindən xilas edilib.