Hindistanın Uttar-Pradeş ştatında 30 yaşlı qadın evlənmək istəməyən sevgilisini öldürüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 36 yaşlı Sadakatın meyiti iyulun 30-da qonşuların bağlı otaqdan gələn pis qoxu ilə bağlı polisə müraciət etməsindən sonra aşkarlanıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, kişinin boğazı təxminən bir həftə əvvəl kəsilərək öldürülüb.
Hadisədən bir gün sonra 30 yaşlı Anita saxlanılıb.
Dindirmə zamanı qadın bildirib ki, yaşayış kompleksində işçi kimi çalışıb, Sadakat isə həmin ərazidə rəngsaz işləyib. Hər ikisinin ailəsi olsa da, Anitanı həyat yoldaşı tərk edib. Bundan sonra onların arasında sevgi münasibəti yaranıb.
Qadının sözlərinə görə, o, dəfələrlə Sadakatdan onunla evlənməsini istəyib. Kişi isə dəqiq cavab verməsə də, münasibəti davam etdirib.
İstintaqın məlumatına əsasən, Anita iyulun 25-də Sadakatı otağına dəvət edib, ona spirtli içki verib və o, yuxuya getdikdən sonra bıçaqla hücum edərək boğazını kəsib. Daha sonra otağı kilidləyərək hadisə yerindən qaçıb.
Hazırda qadın həbsdə saxlanılır. Araşdırma davam etdirilir.