Bakıda soyğunçuluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edilib. Paytaxt sakini olan şikayətçi bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri 22 yaşlı Vüqar Məmmədov və 31 yaşlı Ceyhun Bəylərov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.