Rusiyanın Sverdlovsk vilayətində əvvəllər məhkum olunmuş 37 yaşlı yerli sakin əkiz qardaşını öldürüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, fevralın 12-nə keçən gecə kişi Nevyaska şəhərinin Uritski küçəsindəki qardaşının mənzilinə gəlib. Orada onlar mübahisə edib, daha sonra şübhəli şəxs zərərçəkmişi döyərək öldürüb.
Məlumata görə hadisəyə səbəb digər qardaşın analarını döyməsi olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda”) ilə iş başlanıb. Kişi barəsində həbs qətimkan tədbiri seçilib.