2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 16724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87.3% təşkil edib.
Lent.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən Əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə və 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.
2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı bağlı olub.
Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırılıb.