CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü il aprelin 20-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Bakıxanov Çörək zavodu”nun həyətində baş verib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən Elşən Məmmədov 1985-ci ildə İsmayıllı rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprelin 19-u saat 21 radələrində Elşən Məmmədov sərxoş halda vaxt keçirməkdən ötrü çilingər vəzifəsində işlədiyi çörək zavodun həyətinə gəlib. Orda təsadüfən rastlaşdığı, həmin müəssisədə qazanxana operatoru işləyən Etibar Salamzadə ilə birlikdə yenidən spirtli içki qəbul etməkdən ötrü yaxınlıqda yerləşən marketə gediblər. Aldıqları alkoqollu enerji içkisini içdikdən sonra aralarında sözlü mübahisə yaranıb. Etibar Salamzadənin ifadəsindən qəzəblənən Elşən Məmmədov ayın 20-i səhər saat 05:30-da zavodun ərazisində xidməti otağına daxil olaraq, ordan məişət təyinatlı bıçağı götürüb. Buraxılış məntəqəsinə doğru hərəkət edən iş yoldaşına yaxınlaşaraq, döş qəfəsinə və qarnına 2 dəfə zərbə vurub. Nəticədə Etibar Salamzadə aldığı xəsarətlərdən ölüb.
İş üzrə dindirilmiş Elşən Məmmədov bildirib ki, ailəlidir, himayəsində bir övladı var. 2023-cü ilin iyun ayında ailə üzvləri ilə birlikdə anadan olduğu İsmayıllı rayonunda Bakı şəhərinə köçüb və Bakıxanov qəsəbəsində kirayədə yaşayıb:
“2024-cü ilin fevral ayından çörək zavodunda çilingər kimi çalışırdım. İşim səhər saat 9-da başlayırdı və saat 18-də başa çatırdı. Etibar Salamzadə qazanxana operatoru vəzifəsində işləyirdi.
Aprelin 19-da işdən sonra evə getdim. Yemək yeyəndən sonra saat 21 radələrində evdən çıxıb kafeyə gedib 2 bakal pivə içdim. Kafedən çıxıb işlədiyim zavod istiqamətində hərəkət etdim. Müəssisənin həyətində gecə növbəsinə qalan Etibar Salamzadə ilə rastlaşdım. Birlikdə marketə gedib dəmir qablarda olan energetik spirtli içki aldıq. Küçədə oturub içərək xeyli söhbət etdik”.
Ayın 20-i səhər saat 5 radələrində sağollaşıb, evə getmək istəyən zaman Etibar onu arxadan çağırıb, yenidən mağazaya gedib, spirtli içki almaqlarını təklif edib:
“Artıq içmək istəmədiyimi söyləyəndə, Etibar mənə “Sən Ətağa, gəl bir şüşə də araq içək” dedi. Gülə-gülə “Ətağanın kim olmasını?” soruşanda, iş yoldaşım əsəbi şəkildə mənə “Ətağanın atamdan yaxşı kişi olmasını” bildirdi. Etibarın bu sözü mənə pis təsir etdiyindən, danışığına fikir verməsini tələb etdim. Amma tanışım buna əhəmiyyət verməyərək, üzərimə gəldi və bir daha həmin sözləri təkrarladı. Aramızda təxminən 15 dəqiqə bu məzmunda sözlü mübahisə davam etdi. Atam barədə işlətdiyi xoşagəlməz ifadələrin qarşısını almaq məqsədi ilə çilingər otağına qaçıb bıçağı götürdüm. Yenidən Etibarın yanına qayıdaraq, sinəsinə və qarınına bıçaqla zərbələr vurdum. Etibar qışqırıb qaçmağa çalışsa da, buna imkan vermədim. Etibarın yerə yıxıldığını görüb qorxdum və ərazidən uzaqlaşdım. İş yerimlə yaşadığım ünvan arasındakı məsafə 4-5 dəqiqə idi. Evə çatıb arvadıma bıçaqla adam vurduğumu bildirdim və yenidən zavoda qayıtdım”.
Etibar Salamzadə
Hadisə yerinə çatanda Etibarın artıq orda olmadığını görüb. Yaxınlaşan polis əməkdaşlarına iş yoldaşını bıçaqladığını etiraf edib.
Məhkəmə iclasında Elşən Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Etibar Salamzadə ilə münasibətləri pis olmayıb. Sadəcə ünvanına işlətdiyi söyüşə görə özünü idarə edə bilməyib. Etibar ona “sənin nəslində elə bir kişi yoxdur ki, mənimlə söhbət edə bilsin” söyləyib. Bundan sonra artıq həm içkili, həm də əsəbi olduğundan, çilingər otağına gedib bıçağı götürüb, lakin onu öldürmək niyyəyi olmayıb. Etibarın hansı nahiyələrinə, neçə bıçaq zərbəsi vurması yadında deyil. “Ətağa”nın kim olmasını yalnız Bakı İstintaq Təcridxanasında olanda digər şəxslərdən eşidib, öyrənib. İstintaqda protokola oxumadan qol çəkib. Elşən Məmmədov əlavə edib ki, əməlindən peşmadır və belə bir hadisənin baş verməsini arzulamayıb. Etibar Salamzadə fiziki cəhətdən ondan güclü olduğundan bıçaqdan istifadə edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Salamzadə ifadəsində göstərib ki, kiçik oğlu Etibar 2008-ci ildə ailə həyatı qurub, onun 4 uşağı olub. 2023-cü ilin avqust ayından Bakıxanov Çörək Zavodunda işləməyə başlayıb:
“2024-cü il aprelin 20-i səhər saat 7 radələrində Elman adlı şəxs zəng edərək Etibarın bıçaqlandığını və Sabunçu xəstəxanasına getməli olduğumuzu dedi. Arvadı ilə birlikdə xəstəxanaya çatanda, qəbul şöbəsində dedilər ki, oğlum hazırda əməliyyatdadır. Saat 07:20-də Etibarın qanitirmədən öldüyünü xəbər verdilər. Xəstəxanadan çıxanda tanımadığım şəxslər yaxınlaşıb, oğlumu bıçaqla vuran Elşənin qohumları olduqlarını bildirdilər. Oğlumun vəziyyəti ilə maraqlanan şəxslərə Etibarın öldüyünü dedim”.
Tahir Salamzadə əlavə edib ki, məhkəmədə təqsirləndirilən şəxs düzgün ifadə verməyib. Öyrəndiyinə görə Etibar onun atasına qarşı nalayiq ifadələr işlətməyib. Elşən Məmmədov özünü müdafiə etməkdən ötrü bunları özündən uydurub.
Şahid Orxan İsmayılov ifadəsində göstərib ki, çörək zavodunda dispetçer vəzifəsində işləyib:
“Aprelin 20-i səhər saat 5-də iş yerimə gəlib, xidməti otağıma daxil olmazdan əvvəl 2 nəfərin zavodun arxasında oturub nə isə içdiklərini gördüm. Lakin hava qaranlıq olduğuna görə dəqiq onların kimliyini görmədim. Xidməti otağıma keçib kompüteri işə saldım və avtomobillərin qrafikini tənzimləməyə başladım. Bir müddət sonra Elşən Məmmədovun ayaq üstə dayandığını və səkidə əyləşən Etibar Salamzadəni söydüyünü gördüm. Həyətə çıxanda gördüm ki, Etibar iki əli ilə Elşənin yaxasından tutub, Elşən isə əlindəki hansısa əşyanı yuxarı qaldırıb ona tərəf endirdi. Etibar qışqıraraq, Elşənin əlində bıçaq olduğunu dedi. Ora çatanda zavodda gözətçi işləyən Əliyar Etibarı qucaqlayıb yerə uzatdı. Elşən əlindəki bıçağı yerə atdı və stansiya istiqamətində qaçdı. Əlimi Etibarın başı altına qoydum və ona ilkin tibbi yardım göstərməyə çalışdım. Gözətçi polisə və Təcili Tibbi Yardıma məlumat verdi. Zavodda işləyən Sübhan adlı şəxslə birlikdə saat 05:37-də Etibarı avtomobilə uzadaraq onu Sabunçu Tibb Mərkəzinə çatdırdıq. Yolda Etibar bir neçə dəfə huşunu itirib ayılsa da, hadisənin nə üçün baş verdiyini söyləyə bilmədi”.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Elşən Məmmədovun Etibar Salamzadəni adam öldürmə həddinədək gətirib çıxara biləcək səbəblər olmadan xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsi, mötəbər sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılıb. Məmmədova həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Məmmədov 17 il müddətinə azadlıqdan məhrum olunub.