Bakıda sərxoş oğul atasını öldürdü  - Ailə faciəsinin TƏFƏRRÜATLARI
26 avqust 2024 20:15 (UTC +04:00)

Bakıda sərxoş oğul atasını öldürdü - Ailə faciəsinin TƏFƏRRÜATLARI

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il avqustun 29-u saat 10 radələrində Azər Novruzov (ad və soyad şərti) Məmmədov Sabunçu Tibb Mərkəzində ölüb. Bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə məlumat verilib. Səhərisi gün şübhəli şəxs qismində mərhumun oğlu 1977-ci il təvəllüdlü Qismət Novruzov (ad və soyad şərti) saxlanılıb.
 
Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Saxlanılan şəxsin anası, oğlunun müxtəlif vaxtlarda onu və nəvələrini döyməsindən sonra, bədənləri üzərində olan xəsarətlərini fotoşəkillərini istintaqa təqdim edib.
 
Məlum olub ki, sözügedən hadisədən bir müddət əvvəl, yəni iyulun 16-da qadın şöbəyə ərizə ilə müraciət edərək, oğlunun sərxoş halda onu, ərini və nəvələrini döydüyünü bildirib və barəsində müvafiq tədbir görülməsini xahiş edib. 
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, avqustun 16-ı saat 23 radələrində birgə yaşadıqları Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz fərdi evdə Qismət Novruzov növbəti dəfə spirtli içki qəbul etdikdən sonra, atası Azər Novruzov ona sərxoş vəziyyətdə ailə üzvlərini döyməsi ilə bağlı irad bildirib. Aralarında yaranmış münaqişə zamanı Qismət pilləkənlərin üzərində dayanan atasına əvvəl sillə, daha sonra isə sinəsinə təpiklə zərbə vurub. Aldığı zərbənin təsirindən Azər Novruzov hündürlükdən yerə yıxılıb və başının daş döşəməyə dəyməsi nəticəsində ağır travma alıb. Nəticədə ayın 29-da müalicə aldığı xəstəxanada zərərçəkmiş dünyasını dəyişib.

Hadisə baş verən ev
 
İş üzrə dindirilmiş Qismət Novruzov bildirib ki, təxminən 1 il olar ki, hər gün mütəmadi spirtli içki qəbul edib:

“İçkili olduğum vaxtlarda evdə ailə üzvlərimlə necə rəftar etdiyimi xatırlamıram. Hadisə günü 2 litrə yaxın araq içmişdim. Evə sərxoş halda gəlib yenə içki almaq üçün evdən pul götürəndə, atam məni danladı. Buna görə pilləkənin qarşısında onu vurdum. Həmin gün uşaqlarımı vurduğumu xatırlamıram”.


 
Zərərçəkmiş şəxs qismində dindirilmiş Humay Novruzova ifadəsində göstərib ki, hadisə günü axşam saat 22 radələrində oğlu Qismət evə yenə içkili vəziyyətdə gəlib və bir saata yaxın yatıb:

“Oyanandan sonra Qismət mətbəxə keçərək əlində bıçaqla geri qayıdıb və oğlunu çağırıb. Amma uşaq qorxusundan digər otağa qaçıb. Bunu görüb, ərim Azəri yuxudan oyatdım. Sonra Qismət qızı Ülkərin (ad və soyad şərti) başını divara çırpdı. Onu döydüyünü görən Azər yataq otağından çıxıb, uşağı vurmamasını bildirdi. Bundan qəzəblənən Qismət atasına təpiklə möhkəm zərbə vurdu. Zərbənin təsirindən yoldaşım pilləkənin məhəccərini sındırdı və arxası üstə daş döşəmənin üzərinə yıxıldı. Azərin başından təziqlə qan axırdı, huşu özündə idi.

Qışqıraraq çölə qaçıb qonşuları köməyə çağırdım. Tanımadığım oğlan 102 xidmətinə zəng etdiyini deyib, telefonunu mənə uzatdı. Cavab verən əməkdaşa oğlumun atasını öldürdüyünü dedim. Qızım Təcili Tibbi Yardıma məlumat verdim. Təcili Yardım briqadası Azəri xəstəxanaya apardı. Öyrəndim ki, hündürlükdən yıxılan ərimin qabırğaları sınıb. Polis əməkdaşları gələnə kimi Qismət evdən çıxıb getmişdi. Yoldaşım xəstəxanada olduğu müddətdə ailə üzvlərim qorxu içində yaşayıblar. Düşünürdük ki, Qismət gəlib bizə də nəsə edəcək. Qismət bir neçə dəfə gəlib evin qapısını döysə də, qapını açmadıq. 13 gündən sonra Azər öldü”.


 
Məhkəmə iclasında Qismət Novruzov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Humay Novruzova məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını qeyd etməklə, onun qanun qarşısında cavab verməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, Qismət Novruzovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133-cü (işgəncə vermə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qismət Novruzov 12 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar