Bakıda kişi xəyanətini tutan  arvadına 9 bıçaq vurdu: Şikayətçi YOXDUR - TƏFƏRRÜAT
10 mart 2025 20:15 (UTC +04:00)

Bakıda kişi xəyanətini tutan arvadına 9 bıçaq vurdu: Şikayətçi YOXDUR - TƏFƏRRÜAT

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il iyunun 9-da Bakının Səbail rayonunda ər arvadını bıçaqlayır. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

Məlum olub ki, hadisə A.İsmayılov küçəsi, 2 ünvanında baş verib. Yataq otağında, döşəmədə və divan üzərində qan ləkələri, həmçinin bir ədəd bıçaq aşkar edilib.
 
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Xatın İsmayılovanın bədən səthində 9 ədəd bıçaq yarasının olması müəyyən edilib. 
 
Elməddin İsmayılov 1996-cı ildə Ucar rayonunda anadan olub. Rayon məhkəməsinin 2018-ci il tarixli hökmü ilə CM-in 152.2-ci (cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə 3 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Elməddin İsmayılov iyunun 9-u saat 21 radələrində kirayədə yaşadığı evin yataq otağında olan zaman arvadı Xatın İsmayılova ona digər xanımla münasibətinin olmasını irad bildirib. Bu səbəbdən o, arvadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirtmək üçün qohumu Firəngiz Rasulovanın gözləri qarşısında mətbəxdən götürdüyü məişət təyinatlı bıçaqla Xatın İsmayılovanın döş qəfəsinə və bədənin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Qadının ölmədiyini görüb, amansızlıq nümayiş etdirməklə saçından tutub, onu qonaq otağına sürüyüb, başını kəsməkdən ötrü əlindəki bıçaqla boğazına zərbələr vurub. Firəngiz Rasulovanın ona mane olması, habelə Xatın İsmayılovanın vaxtında xəstəxanaya çatdırılmasına görəonunhəyatı xilas olunub.

İş üzrə dindirilmiş Elməddin İsmayılov bildirib ki, 2017-ci ildən etibarən Xatın İsmayılova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2018-ci ilin sentyabr ayında CM-in 152-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkum olunub:

“2019-cu ildə oğlan övladım dünyaya gəldi. Mənə təyin edilmiş cəzanı 2022-ci il sentyabrın 9-da çəkib qurtardım və azadlığa buraxıldım. 2023-cü ildə Xatınla rəsmi nikaha daxil olduq. Həmin ilin noyabr ayında iki əkiz qız övladımız anadan oldu. Hadisədən 2-3 gün əvvəl Xatın məndən xəbərsiz istifadəmdəki “Whatsapp” tətbiqini öz mobil telefonuna yönləndirərək başqa qadınlarla olan yazışmalarımı görüb. İyunun 9-da səhər bununla əlaqədar aramızda mübahisə yaransa da, arvadımı itələyərək, çıxıb işə getdim. İşdə olanda Xatın mənə “Whatsapp”da ona bir daha xəyanət etməyimdən xəbardar olduğunu yazdı. Mən isə cavab olaraq xəyanət etdiyimi etiraf edərək, məni bağışlamasını xahiş etdim. İşdən sonra Bayıl qəsəbəsində yerləşən kafedə bir neçə bakal pivə içdim. Evə gələndən bir müddət sonra qaynımın yoldaşı Firəngiz Rasulova oğlu ilə birlikdə bizə qonaq gəldi.

Arvadımın mesajları öz mobil telefonuna yönləndirməsindən qəzəblənərək, mətbəxdən dəstəyi qara rəngli bıçağı götürüb, Xatınla Firəngizin olduğu yataq otağına keçdim. Təxminən 8-9 dəfə başına, sinəsinə və qarnına zərbələr vurdum. Aramıza girməyə çalışan Firəngizi kənara itələyərək, zərbələr vurmaqda davam etdim. Bundan sonra bıçağı yerə tullayıb, evdən çıxdım”.

“Fəvvarələr meydanı”nda könüllü polis əməkdaşlarına yaxınlaşıb, arvadını bıçaqlaması barədə məlumat verib və onlarla birlikdə 8-ci bölməyə gedib. Elməddin İsmayılov əlavə edib ki, yoldaşı oğlunu və qaynının oğlunu marketə göndərib. Hadisə zamanı 6 aylıq qızları evdə olublar.
 
Məhkəmə iclasında Elməddin İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib. O, hadisə zamanı özündə olmadığını, bıçaqla arvadına cəmi 3 zərbə vurduğunu bildirib. Hadisədən sonra özü Təcili Tbbi yardıma zəng edib və polisə təslim olub. Yoldaşının ondan 102 xidmətinə şikayət etməsindən xəbəri olmayıb. Prokurorluqda dindirilmə protokolunu oxumadan imzalayıb.

Hadisə olan ev
 
Zərərçəkmiş Xatın İsmayılova ifadəsində göstərib ki, yoldaşından şübhələndiyi üçün onun “WhatsApp” tətbiqini öz mobil telefonuna yönləndirib:

“Bundan sonra 2-3 gün gözlədim ki, ismarıclar gəlsin və əlimdə sübut olsun. Hadisə günü Elməddin işə, mən isə anamgilə getmişdim. Aramızda mübahisə yarandı. Axşam evə qayıdan Elməddin qəflətən otağa girdi və mənə bıçaqla zərbələr vurdu. Sonra saçımdan tutub məni sürüdü. Aktiv müavimət göstərdiyimdən və qardaşımın arvadı mane olduğundan Elməddin məni öldürə bilmədi”.

Zərərçəkmiş təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.


 
Məhkəmə, Elməddin İsmayılovun məhkəmə istintaqında verdiyi ifadəsini müdafiə xarakterli və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək, mötəbər hesab etməyib.
 
Məhkəmə nəticəyə gəlib ki, Elməddin İsmayılovnun əməli Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə düzgün tövsif edilib. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elməddin İsmayılov 14 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar