Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz odlu silah saxlayanlara qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkar edilib. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib.
Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və həmin silaha aid patron darağı aşkar edilib.
Faktlarla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.