Bakıda arvadını küçədə öldürmək istəyən Araz İsazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Qeyd edək ki, avqustun 30-u saat 9 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.