Bakıda 20 nəfər qıza görə DALAŞDI:  1 ölü, 1 yaralı - HADİSƏ ANI
26 dekabr 2022 20:15 (UTC +04:00)

Bakıda 20 nəfər qıza görə DALAŞDI: 1 ölü, 1 yaralı - HADİSƏ ANI

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il iyunun 13-də Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsində kütləvi dava olur. Dava zamanı iştirakçılardan “Maqa” ləqəbli Məhəmməd Məmmədli 1998-ci il təvəllüdlü Murtuz Murtuzovu bıçaqlayır. Yaralı Sabunçu Tibb mərkəzinə aparılarkən yolda ölür.

Hadisə barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisənin baş verdiyi küçədə, 57 ünvanının arxasına baxış keçirilir və qan ləkələri aşkarlanır.

Həmin gecə Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli şübhəli şəxs qismində saxlanılır.

Faktla əlaqədar Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə olan ərazi

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Məhəmməd Məmmədli onunla qonşuluqda yaşayan, yetkinlik yaşına çatmayan Aynur Aslanovanın əvvəllər tanımadığı Raul Aslanlı ilə sevgi münasibətində olduğunu öyrənib. Yaşının az olması və ailə üzvlərini tanıması ilə əlaqədar “İnstagram”da qıza mesajlar göndərərək, həmin oğlanla münasibətinə son qoymasını xahiş edib. Aynur Aslanovanın razılığı ilə həmin ismarıcları Raul Aslanlı oxuyub və onunla əlaqə saxlayaraq, görüşməyi təklif edib. İyunun 13-ü saat 23:20-də Çobanzadə küçəsindəki 338 nömrəli evin qarşısında ümumilikdə 20 nəfər olmaqla Məhəmməd, Raul Aslanlı, Amil Cəfərov, Kənan Fətəlov, Xəyal Quliyev, Murtuz Murtuzov və qeyriləri ilə görüşüb. İnsanların hərəkətinə mane olmamaqdan ötrü onlar 57 nömrəli binanın arxa hissəsinə keçiblər. Murtuz Murtuzov yumruqla Məhəmmədin sinəsindən vuraraq, yazdığı nalayiq mesaja görə diz çöküb Raul Aslanlıdan üzr istəməli olduğunu bildirib. Lakin Məhəmməd bundan imtina edib.

Murtuzovun hərəkətindən hiddətlənərək, özünü alçaldılmış hesab edən Məhəmməd Məmmədli qisas niyyəti ilə bıçaqla onun qarnına bir dəfə zərbə vurub. Bunu görən Murtuzun tanışı Xəyal Quliyev yaxınlaşıb Məhəmmədin üzünə yumruq vurub. Ayağa qalxan Məhəmməd Məmmədli əlindəki bıçaqla Xəyal Quliyevin də qarnına xəsarət yetirib və qaçıb. Xəstəxanaya çatdırılarkən Murtuz Murtuzov kəskin qanitirmədən ölüb, Xəyal Quliyevin həyatı isə xilas edilib.

İş üzrə dindirilmiş Məhəmməd Məmmədli bildirib ki, qonşuluqda yaşayan Aynur Aslanova ilə dostluq edib. İyunun 10-da günorta “İnstagram” şəbəkəsində qıza mesaj göndərəndə, naməlum şəxs ona cavab yazaraq Aynurun sevgilisi olduğunu deyib:

Məhəmməd Məmmədli

“Axşam başqa profildən yazan şəxs, Aynuru hardan tanıdığımı soruşdu və özünü Raul Aslanlı kimi təqdim etdi. Raula Aynurla bir məhəllədə yaşadığımı, dostluq etdiyimi bildirdim. Öz növbəmdə qızla aralarındakı münasibətin ciddi olub-olmadığını soruşduqda, Raul Aynurdan ayrılmaq istədiyini söylədi. 2 gündən sonra yazışanda, qız mənə həmin oğlanla münasibətinin ciddi olduğunu dedi. Lakin Aynurun yaşının az olması səbəbindən kiminləsə ciddi münasibətdə olmasına inanmadım və söyüb zərərçəkməsinə imkan verməyəcəyim barədə mesaj göndərdim.

Həmin gecə Raul “WhatsApp” proqramında nə lazım olduğunu soruşanda, ona Aynurla ciddi münasibətdədirsə, yaşadıqları məhəlləyə gəlməsini və onu qızın qardaşı ilə tanış edəcəyimi dedim. Amma Raul gəlməkdən imtina etdi. İyunun 13-də yazışaraq, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında, Heydər Əliyev adına parkda görüşməyimiz barədə razılaşdıq. Saat 23 radələrində dostlarımız Fariz Əfəndiyev və Hafiz Mehdiyevlə birlikdə həmin əraziyə yollandıq. Parkın yuxarı hissəsi ilə Raul Aslanlının təxminən 10-15 nəfərlə bizə tərəf gəldiklərini gördüm. Onlarla söhbət edə-edə Çobanzadə küçəsindəki 57 ünvanına doğru  hərəkət etdik. Binanın qarşısına çatdıqda Raulun dostu Ümid Əhmədzadə küçədə insanların hərəkətinə maneəçilik etməmək üçün marketin arxa tərəfinə keçib rahat danışmağımızı təklif etdi”.

İstintaq fotosu

Murtuz Murtuzov Raul Aslanlıdan üzr istəməsini tələb edəndə o, söyüşləri onun barəsində deyil, ümumi mənada işlətdiyini bildirib üzr istəməkdən imtina edib:

“Murtuz sinəmə yumruqla zərbə vurdu və söyüşlə, diz çöküb Rauldan üzr istəməyimi dedi. Bir qədər arxaya çəkildim, Murtuzun hərəkətindən əsəbləşərək, onu bıçaqladım. Xəyal Quliyev qışqıra-qışqıra mənə yaxınlaşaraq, yumruqla üzümə zərbə vurduqda yıxıldım. Həmin an Kənan Fətəlov və Amil Cəfərov mənə yumruq və təpiklə zərbələr endirdilər. Hər şey bir anda baş verdi. Yerə yıxılsam da, bıçağı əlimdə saxlamışdım. Ayağa qalxaraq, qorxutmaq üçün üzərimə gələn Xəyal Quliyevə bıçaqla zərbə vurdum. Hadisə yerindən Vüsal Səfərzadənin idarə etdiyi avtomobillə uzaqlaşdım. Yaşadığım məhəllədə olan su kranında qana bulaşmış əllərimi və bıçağı yuyub mənzilə qalxdım. Bir neçə saat sonra polis əməkdaşları yaşadığım ünvana gələrək, məni 24-cü şöbəyə apardılar. Cinayətin aləti olan bıçağı polis əməkdaşlarına təqdim etdim”.

Qətl törədilən bıçaq

Məhəmməd Məmmədli əlavə edib ki, onun Murtuz Murtuzovu öldürmək məqsədi olmayıb. Etdiyi hərəkətə görə onu cəzalandırmaq istəyib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Murtuzov ifadəsində göstərib ki, kiçik övladı Murtuz Murtuzov qaydasız döyüş növü ilə məşğul olub:

“İyunun 14-ü gecə saat 2 radələrində 24-cü Polis Şöbəsinin əməkdaşı mənə zəng edərək, oğlumun bıçaqlandığını və yaralı vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparıldığını xəbər verdi. Xəstəxanaya çatanda həkimlər Murtuzun aldığı xəsarətdən öldüyünü bildirdilər”.

Murtuzun cənazəsi​​​
 
Şahid Raul Aslanlı ifadəsində göstərib ki, Aynur Aslanova ilə 2021-ci ilin may ayında Əhmədli qəsəbəsində yerləşən parkda tanış olub. Sonradan həmin qızla “İnstagram” və “WhatsApp” sosial şəbəkələrində yazışıb, ara-bir görüşüblər:

Raul Aslanlı

“Sevgi münasibətimiz yarandığı üçün Aynur sosial şəbəkədə olan şəxsi profilinin parolunu mənə verdi. Məhəmməd Məmmədli ilə aramızdakı mübahisə, onun iyunun 10-da qıza mesaj yazmasından sonra başladı. Bir neçə gün yazışandan sonra görüşmək qərarına gəldik. “Maqa” kimi tanınan Məhəmməd Məmmədlinin idmançı olmasını ehtimal etdiyimdən, bu barədə uşaqlıq dostum Xəyal Quliyevə və qaydasız döyüşlə məşğul olan dostum Ümid Əhmədzadəyə danışdım. Ayın 13-də yaralanan Xəyal Quliyev Məhəmmədin arxasınca qaçaraq, 57 nömrəli bınanın qarşısında ona çatdı. Bu zaman hadisə yerində olan şəxslərdən kimsə polis əməkdaşlarının gəldiyini görüb. Buna görə, Xəyalı yoldan keçən taksiyə mindirib yola saldım, özüm də metro istiqamətində qaçdım. Polis şöbəsinə dəvət olunduqda, Murtuz Murtuzovun hadisədən sonra öldüyünü öyrəndim”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Məmmədli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12963
avatar

Oxşar yazılar