8 il əvvəl Rusiyada adam öldürən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 2014-cü il mayın 4-də Rusiya Federasiyasının Tümen vilayətinin Zareçnıy rayonunda Şəmkir rayon sakini Vilayət Vəliyevin üzərində xəsarətlər olan meyitinin tapılması ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı bu əməli törədən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdı.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin rayon sakini, əvvəllər məhkum olunmuş Elmidar Babayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Dekabrın 9-da keçirilən əməliyyat tədbiri nəticəsində E.Babayev şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı bu cinayət əməlini törətdiyini etiraf edib.
Faktla bağlı Rusiya Federasiyasında başlanılan cinayət işinin Azərbaycan tərəfinə təhvil verilməsi təmin olunacaq.