Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarını qanunsuz yolla ələ keçirən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarının qanunsuz yolla ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tammalanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, 2021-ci ilin dekabrın 29-dan cari ilin iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim etməklə birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olub Respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçirmiş, o cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırılıb.
Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.