Kürdəmirdə arvadına 20 bıçaq zərbəsi vuran Rəcəb Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xamməd Nuriyevin icraatına verilib.
Xatırladaq ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Şahidlərin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov arvadına D.Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər üzərində cərrahiyyə əməliyyatı aparılan yaralı qadının vəziyyətini ağır olduğunu bildiriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.