“Bravo” hipermarketdə baş vermiş silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov ifadə verib.
O, cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla instaqramda tanış olub:
"Valideynlərim cinsi azlıq olduğumu biləndən sonra məndən imtina etdilər. Dedilər ki, bir də bu evə gəlmə. Mən də Bakıya köçdüm. Maddi baxımdan çox çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların instaqramdakı səhifəsində elan paylaşdım. Elə orada R. İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.İsmayılovla birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini deyib:
“Ruhlan avtomat silah, Dəyanətə isə digər tapançanı verəcəkdi. Ruhlan Azərlə məndən daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar. Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasında silah olduğunu belə bilmədim".
Eyni zamanda, məhkəmə iclasında “Unibank Kommersiya Bankı” ASC-nin nümayəndəsi mülki iddia qaldırıb.
O, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin yaşadığı ünvandan götürülən 16 min 835 manat və 20 min 100 dollar dəymiş ziyanın ödənilməsini istəyib. Bununla yanaşı, "Azərbaycan Supermarket" ASC də məhkəmədə təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb.
Məhkəmə çatışmayan məsələlərə görə, hər iki mülki iddianı baxılmamış saxlayıb.
Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.
Xatırladaq ki, hadisə martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.