CİNAYƏT İŞİ
Qısa arayış...
Bakının Xəzər rayonu Qala qəsəbəsində 4 yaşlı qızın meyitinin su quyusunda tapılması mediaının gündəminə çevrilmişdi. Belə ki, 2022-ci il yanvarın 23-də Qala qəsəbəsinin «Xaşaxuna» bağlar massivində yaşayan 1998-ci il təvəllüdlü Taleh Allahyarov Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, ayın 1-də qızı 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini bir müddət baxmaları üçün qonşuluqda yaşayan Mehman Mansurova və onun qeyri-rəsmi yaşadığı Xəyalə Ağamalıyevaya təhvil verib. Bir müddətdən sonra övladı ilə maraqlanmaqdan ötrü tanışının evinə gedəndə, orda heç kimin olmadığını görüb.
Müraciət əsasında polis əməkdaşları əməliyyat tədbirlərinə başlayıblar. Nəticədə yanvarın 31-də Mehman Mansurov Yasamal rayonu ərazisində saxlanılıb. Dindirilərkən həmin şəxs bildirib ki, ayın 22-dən 23-nə keçən gecə azyaşlı qəflətən xəstəliyi ilə əlaqədar ölüb. O da qorxduğu üçün meyiti evin yaxınlığındakı boş quyuya atıb.
Hadisə yerinə cəlb olunmuş FHN-nin xüsusi riskli əməliyyat qrupu tərəfindən təxminən 10 metr dərinlikdə olan su quyusundan azyaşlının cəsədi tapılaraq çıxarılıb.
Fevralın 1-də iş üzrə şübhəli şəxs qismində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Mehman Mansurov saxlanılıb. Səhərisi gün onun barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Faktla əlaqədar Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, yanvarın 23-ü gecə saat 1 radələrində Mehman Mansurov qonşusu Taleh Allahyarovun qızı, Məryəm Hüseynlinin köməksiz vəziyyətindən istifadə edərək, onu döyüb. Saçından tutub, başını döşəməyə vurub. Nəticədə aldığı ağır dərəcəli bədən xəsarətlərindən azyaşlı ölüb. Cinayət məsuliyyətindən yayınmaqdan ötrü onun tələbi ilə qeyri-rəsmi yaşadığı Xəyalə Ağamalıyevanın övladları Allahverdi və Vüsal Cəfərovlar selofana və parçaya bükülmüş meyiti qonşuluqda yerləşən su quyusuna atıblar.
İş üzrə dindirilmiş Mehman Mansurov bildirib ki, 2021-ci ilin fevral ayından Xəyalə Ağamalıyeva, övladları Allahverdi və Vüsal Cəfərovlarla birlikdə Qala qəsəbəsinin «Xaşaxuna» bağlarında, nömrəsiz fərdi evdə yaşayıb. 2017-ci ildən narkotik vasitələrdən, əsasən marixuana, heroin və metamfetamindən istifafə edib:
“Taleh Allahyarov qonşuluqda yaşayırdı, 7-8 il əvvəl aramızda dostluq münasibətləri yarandı. Talehin Məryəm adlı bir qızı vardı. Qonşum hər dəfə işləməyə gedəndə övladını gətirib bizə qoyurdu, işdən qayıdanda Məryəmi götürüb gedirdi. Axırıncı dəfə uşağı yanvarın 1-də gətirib, Məryəm ayın 22-nə kimi bizdə qaldı. Arabir tənbeh etmək üçün uşağı döyürdüm.
Yanvarın 23-nə keçən gecə Məryəmin halının qəflətən pisləşdiyini gördüm. Yatdığı çarpayıda xırıldadığını görəndə, ona süni nəfəs verdim və sinəsindən basaraq masaj etməyə başladım. Daha sonra Məryəmin nəbzinin vurmadığını, nəfəsinin gəlmədiyini gördüm. Üzünə su vurub, onu ayıltmağa çalışdım. Narkotik vasitənin təsiri altında olduğumdan və məsuliyyətdən yayınmaq məqsədi ilə Təcili Yardıma və polisə məlumat vermədim. Təxminən 2-3 saatdan sonra uşağın paltarlarını çıxartdım, çılpaq vəziyyətdə meyitini parçaya bükərək, Allahverdi və Vüsala, Məryəmin meyitini qonşu həyətdə yerləşən su quyusuna aparıb atmağı, üzərinə qumla, mişar daşları tökmələrini tapşırdım. Uşaqlar da dediyim kimi etdilər. Həmin gün Taleh bir neçə dəfə gəlib, məndən Məryəmi görmək istədiyini bildirsə də, yalandan uşağın şəhərdə, xalasıgildə olduğunu bildirdim.
Yanvarın 31-də 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldım”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Günel Hüseynli ifadəsində göstərib ki, 2017-ci ildə sosial şəbəkə vasitəsi ilə Taleh Allahyarovla tanış olub:
“Bir ildən sonra Məryəm adlı qızımız dünyaya gəldi. İlk vaxtlarda münasibətimiz normal olsa da, sonradan aramızda ailə-məişət zəmnində mübahisələr yarandı. Buna əsas səbəb Talehin heç yerdə işləməməsi və narkotik vasitələrdən istifadə etməsi olub. 2019-cu ilin may ayında artıq yoldaşımın hərəkətlərinə dözə bilməyərək, övladımı Talehin himayəsində qoyub çıxıb getdim. Bir müddət anamgildlə yaşadım, sonra isə kirayə ev tutdum. 2020-ci il oktyabrın 13-nə kimi Talehlə əlaqə saxlamadım, uşağım haqqında da heç bir məlumatım yox idi. Həmin gün «Əhmədli» metostansiyasının yaxınlığında, marketdən çıxan yoldaşımla rastlaşdım. Taleh barışmaq istədiyini bildirsə də, heç vaxt onunla barışmayacağımı dedim. Bu zaman Taleh, cibindən çıxardığı bıçaqla mənə zərbələr endirdi. Aldığım xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıldım, keçmiş yoldaşım isə polis əməkdaşları tərəfindən saxlanıldı. Sağalandan sonra anamgillə birlikdə Türkiyəyə getdim. 2021-ci ilin dekabr ayında Bakıya qayıdıb övladımdan imtina etməyimlə bağlı notariat kontorunda ərizə yazdım.
Əslində uşaqdan imtina etməyimə Talehin Məryəmin sənədlərini düzəltdirmək istəməsi səbəb oldu. Çünki həmin vaxta qədər övladım mənim soyadımı daşıyırdı. Mehman Mansurov Qala qəsəbəsində yaşadığımız müddətdə qonşumuz olub. Taleh kimi narkotik vasitələrdən istifadə edirdi, dəfələrlə onların birlikdə narkotik maddələr qəbul etdiklərinin şahidi olmuşam. 2022-ci il fevralın 1-i saat 21 radələrində işlədiyim mağazadan çıxıb, evə gedirdim. Evdə olanda sosial şəbəkələrdə Məryəmin ölmüş halda quyudan tapılması xəbərini oxudum”.
Günel Hüseynli əlavə edib ki, birlikdə yaşadıqları vaxtlarda Talehin qızlarına qarşı münasibəti mehriban olub. Amma ayrıldıqdan sonra, keçmiş yoldaşı özünü və Məryəmi öldürəcəyini bildirib. Hətta Taleh bıçağı uşağın boğazına dirəyib, qayıtmayacağı təqdirdə Məryəmi öldürəcəyi ilə bağlı videolar çəkib, ona göndərib. Lakin telefonunu itirdiyindən, həmin görüntüləri istintaqa təqdim edə bilməyib.
Şahid Xəyalə Ağamalıyeva ifadəsində göstərib ki, heç yerdə işləmir, evdar qadındır. 2006-cı ildə ailə həyatı qurub, nikahdan 2007-ci və 2008-ci ildə Allahverdi və Vüsal adlı övladları dünyaya gəlib:
“2019-cu ildə birinci ərimdən rəsmi qaydada boşandım. Boşandıqdan sonra övladlarımla «Xaşaxuna» bağlarında yaşayırdım. Mehman Mansurovla 2021-ci ilin fevral ayında tanış olmuşuq. Mehmanla münasibət qurduğuma görə valideynlərim məndən küsdülər. Onun narkotik vasitələrdən istifadə etdiyini bir müddətdən sonra bildim. Taleh Allahyarovu qonşumuz və Mehmanın dostu kimi tanıyırdım. Taleh hər dəfə işləməyə gedəndə qızı gətirib yanımızda qoyurdu, qayıdandan sonra isə gəlib Məryəmi götürürdü. Mehman narkotik vasitə təsiri altında olduğu müddətdə məni, övladlarımı və hətta qonşumunun qızını da döyürdü. Mehmanın bir neçə dəfə Məryəmi döyməsinin şahidi olmuşam. Axırıncı dəfə Taleh Məryəmi yanvarın 1-də bizə gətirdi. Yanvarın 23-nə keçən gecə saat 1 radələrində Mehmanın qışqırıq səsini eşidib yuxudan ayıldım. Mehman mənə Məryəmin halının pisləşdiyini söylədi.
Yaxınlaşıb baxanda qızın hərəkətsiz vəziyyətdə qaldığını və ağzından su axdığını gördüm. Mehman ayıltmaq üçün üzünə su vursa da, uşaq ayılmadı. Təcili Yardım çağırmasını və Talehə məlumat verməsini söyləsəm də, Mehman hədə-qorxu gələrək bu barədə kiməsə məlumat verəcəyim təqdirdə, məni övladlarımla birlikdə öldürəcəyini dedi. Sonra, harasa çıxıb getdi və təxminən 3 saatdan sonra qayıtdı”.
X. Ağamalıyaevanın sözlərinə görə, Mehman Məryəmin meyitini parçaya bükərək Allahverdi ilə Vüsala verib. Meyiti qonşunun həyətindəki su quyusuna aparıb, atmaqlarını tapşırıb:
“Onlara «narahat olmayın, bunu siz etsəniz, azyaşlı olduğunuza görə sizi məsuliyyətə cəlb etməyəcəklər» dedi. Oğullarım da Məryəmin meyitini aparıb Mehmanın dediyi quyuya atdılar və qayıdıb evə gəldilər.
Həmin gün Taleh bir neçə dəfə evimizə gəlsə də, Mehman müxtəlif bəhanələrlə Məryəmin şəhərdə xalasıgildə olduğunu dedi. Daha sonra Mehman məni və uşaqlarımı Yasamal rayonuna apardı. Yanvarın 29-da Mehman mənə uşaqlarımı da götürüb anamgilə getməyimizi tapşırdı. Ayın 31-də Mehmanı tutdular. Daha sonra məni övladlarımla birlikdə polis şöbəsinə apardılar”.
Xəyalə Ağamalıyeva qeyd edib ki, Məryəmi Mehman döyüb, öldürüb. Heç bir səbəb olmadan uşağa qarşı işgəncələr verib:
“Bir neçə dəfə qızın saçından yapışaraq, onun başını döşəməyə çırpıb. Dəfələrlə ona dedim uşağı atasına qaytar. Mehman isə buna məhəl qoymadı. Yoldaşım azyaşlının öldüyünü bildirdikdən sonra mən Məryəmin nəfəs alıb-almadığını yoxlamadım. Ağzından köpük və su gəldiyini görüb onun artıq öldüyünü düşündüm. Qorxduğum üçün heç kimə bu barədə məlumat vermədim. Uşağın ölümündə iştirakım yoxdur. Qıza əlim də dəyməyib. Mehman yalan ifadə verib”.
Şahid Allahverdi Cəfərov bildirib ki, qardaşı Vüsalla birlikdə Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli məktəbdə oxuyublar:
“Yanvarın 23-nə keçən gecə Məryəmin ağlayan səsinə yuxudan oyananda uşağı çılpaq vəziyyətdə Mehmanın qucağında gördüm. Mehman Məryəmin üzünə və başına zərbələr vurduqdan sonra, qızın halı pisləşdi. Anamın Məryəmin ölümünə aidiyyətı yoxdur. Uşaq öləndən sonra Mehmanın göstərişi ilə qardaşımla birlikdə meyiti aparıb quyuya atdıq.
Üzərinə təxminən 10 verdə qum və mişar daşları tökdük. Bunu etməyəcəyimiz təqdirdə, həmin şəxs bizi dəö döyüb, öldürəcəyini və həmin quyuya atacağını bildirdi. Biz də qorxumuzdan Mehmanın dediklərini icra etdik”.
Şahid Taleh Allahyarov ifadəsində göstərib ki, Qala qəsəbəsində atası Rövşən Allahyarovla, nənəsi Zenfira, 11 yaşlı bacısı Zeynəb və qızı Məryəmlə birlikdə yaşayıb:
“Atam narkotik vasitələrin aludəçisi olduğuna görə anam, sonra da qeyri-rəsmi arvadım Günel evdən çıxıb getdilər. Yanvarın 1-də Məryəmin paltarlarını da yığaraq onu aparıb qonşum Mehmangilin evində qoydum. Özüm isə işləmək üçün Kürdəxanı qəsəbəsinə getdim. 4 gündən sonra işim dayandı və evə qayıtdım. Həmin vaxtdan etibarən dəfələrlə uşağı görmək üçün Mehmanın evinə getsəm də, Məryəmi görə bilmədim. Qonşum müxtəlif bəhanələr gətirərək övladımı mənə göstərmədi. Yanvarın 23-də nənəm Mehmana zəng vuraraq, Məryəmi evimizə gətirməsini bildirdi. Mehman isə uşağı xalasıgilə apardığını və gedib, onu gətirəcəyini dedi. Lakin həmin gün ondan xəbər çıxmadı.
Buna görə də axşam nənəm, nəvəsinin qonşuluqda yaşayan şəxs tərəfindən oğurlanması ilə bağlı DİN 102 Zəng mərkəzinə məlumat verdi”.
Günel Hüseynlinin prokurorluğa təqdim etdiyi videogörüntüdə, Taleh Məryəmin boğazına kabel dolayıb bir ucunu tavanın taxtasına bağlayıb, eyni zamanda uşağın ayağının altına stul qoyub. Boğazına bıçağı sıxıb ki, Güneli fikrindən daşındırıb geri evə qaytarsın. Fikri yalnız qadını qorxutmaq olub. O özü, dəfələrlə Məryəmi döyüb, yanan siqareti bədəninə basıb, söndürüb. Uşağına qarşı etdiyi kobud hərəkətlərə görə çox peşmandır. Bildiyinə görə Məryəmi Mehman döyərək öldürüb.
Şahid qismində dindirilmiş məhkəmə tibb eksperti Yusif Surətov bildirib ki, Məryəm Hüseynlinin meyitinin müayinəsi zamanı, meyitin sellofan və parçaya bükülməsi müəyyən edilib. O, quyuya atılanda artıq sağ olmayıb. Üzərinə qum tökülməsi və daş parçalarının atılması ölümündən sonra xəsarətlərin yaranmasına səbəb olub.
Qeyd edək ki, ayrı icraatda Cinayət Məcəlləsinin 133.2.4-cü (işgəncə vermə, yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanılan cinayət işi üzrə cinayət məsuliyyətinə mərhumun atası Taleh Allahyarov cəlb olunub. Xəzər rayon Məhkəməsinin hökmü ilə Allahyarov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Mehman Mansurov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, uşağa işgəncə verməyib və onu öldürməyib. Halı pisləşəndə, ona süni nəfəs verib. Hadisə vaxtı narkotik vasitənin təsiri altında olub.
Məhkəmə Mehman Mansurovun, ittihamda nəzərdə tutulmuş cinayət əməlinin anlaqlı vəziyyətdə törətməsi qənaətinə gəlib. Məhkəmə nəticəyə gəlib ki, o Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.