6.8 km-lik Zığ-Hövsan yolu təmir edilir. Lent.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, yolun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə əsasən avtomobil yolunda hərəkət hissəsinin eni 18.5 m, ayrıcı zolağın eni 3 m, hər iki istiqamət üzrə çiyinlərin eni 3 m olmaqla torpaq yatağinin eni 27.5 m olması nəzərdə tutulub.
Bundan başqa əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub. Həmçinin vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə yerüstü piyada keçidinin inşası aparılacaq.
Hazırda Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsində “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında mühəndisi kommunikasiya xətlərinin köçürülməsi, 1-1.5 metr dərinlikdə yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması və qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, həmçinin suötürücü boru və keçidlərin inşası işləri aparılır.
Zığ-Aeroport yolundan Zığ-Hövsan yoluna avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə yeni dairə və yol hissəsi də inşa edilir. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilər asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılır.