Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda
deyilir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.
Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.
Prezident qərara alıb:
1. Aşağıdakı tərkibdə Komissiya və Komissiyanın Katibliyi yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru
Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti
Komissiyanın Katibliyinin rəhbəri
Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.
2. Komissiyaya tapşırılsın:
2.1. bu Sərəncamın 1-ci bəndində qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində Komissiyanın Katibliyinin formalaşdırılmasını təmin etsin;
2.2. sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamın 2.2-ci bəndində müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, tədbirlər planının layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Müəyyən edilsin ki:
3.1. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə bu Sərəncamın 1-ci hissəsinə əsasən yaradılan Komissiyanın Katibliyinin üzvləri Komissiya üzvlərinin təklifi ilə, onların təmsil etdiyi qurumların nümayəndələrindən ibarət olmaqla, Komissiyanın sədri tərəfindən təsdiq olunur;
3.2. bu Sərəncamın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təkliflərin və layihələrin hazırlanması işinə Komissiya tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qrupları yaradıla bilər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda Komissiyanın müraciəti əsasında maliyyələşdirmənin həyata keçirilməsini təmin etsin;
4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onların müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını, habelə Komissiyanın fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.