Aprelin 29-da Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə ABŞ Konqresinin binalarından birində “Şərqi Asiya və Qərbi Avropanı birləşdirən “Yeni İpək Yolu”: İmkanlar və qlobal təsirlər” mövzusunda brifinq keçirilib.
Lent.az-ın Azərtaca-a istinadən məlumatına görə, Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının moderatorluğu ilə keçirilmiş brifinqdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dövlət qurumlarından olan nümayəndələr çıxış ediblər.
Brifinq zamanı Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin strateji əhəmiyyəti və rəqabətliliyi vurğulanmaqla yanaşı, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları barədə tədbir iştirakçılarına məlumat verilib.
Xatırladaq ki, aprelin 28-də Vaşinqtondakı məşhur təhsil ocaqlarından olan Cons Hopkins Universitetində Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin əhəmiyyətinə həsr olunmuş geniş tərkibli forum keçirilib. Bu forum çərçivəsində aparılmış müzakirələr və ölkəmizin Gürcüstan, Türkiyə və Qazaxıstanla birgə regional əməkdaşlığı böyük maraqla qarşılanıb. Bu xüsusda, səfir Elin Süleymanovun ABŞ-ın “The Washington Times” qəzetində “Müasir İpək Yolunun izi ilə” məqaləsi dərc edilib.
Forumun davamı olaraq ABŞ Konqresində təşkil edilmiş brifinq də böyük diqqətə səbəb olub və orada Konqres üzvlərinin köməkçiləri, ABŞ federal dövlət strukturlarının, akademik dairələrin təmsilçiləri, habelə bir sıra mütəxəssislər də daxil olmaqla, ümumilikdə 50-yə yaxın nümayəndə iştirak edib.