Konstitusiya Məhkəməsinin sədri bank sahəsindəki ziddiyyətlərdən DANIŞDI
“Konstitusiya Məhkəməsinə müraciətlər əsasən mülkiyyət hüququ, sosial, vergi məsələləri ilə bağlı olur. Müraciətlər hüququn bütün sahələrini əhatə edir. Bu gün əsasən mülkiyyət məsələləri ilə bağlı müraciətlər daha çoxluq təşkil edir".
APA-nın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Sədr bildirib ki, Konstitusiya Məhkəməsinə bank sahəsi ilə bağlı müraciətlər də olur: "Bank sahəsi ilə bağlı həm məhkəmələrin, həm də Ombudsmanın müraciətləri var. Bu gün bank sahəsində bir sıra ziddiyyətli məsələlər var. Biz artıq bir neçə işə baxıb, qərar qəbul etmişik. Hazırda icraatda olan işlər var. Güman ki, bu məsələlərə aydınlıq gətirəcəyik".
F. Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan məsələlərlə bağlı hər kəs - hüquqi və fiziki şəxslər müraciət edə bilərlər: "Müraciətlər 2004-cü ilin yanvar ayından davam edir. Deyərdim ki, müraciətlərin sayı son illər stabil qalır. Ola bilsin, müraciətlərdə bir balaca artım var. Müraciətlər bir neçə mərhələ keçir. Əvvəl Konstitusiya Məhkəməsinin aparatında yoxlanılır. Hansı müraciətlərin ki, bizə aidiyyəti var, onlar Konstitusiya Məhkəməsinin palatalarında öyrənilir. Konstitusiya Məhkəməsinə hər cür normativ hüquqi aktlardan, yəni icra, qanunvericilik, bələdiyyə, məhkəmə aktlarından şikayət verilə bilər. Lakin bunun da müəyyən şərtləri var. Qanunda nəzərdə tutulub ki, bütün müdafiə vasitələri tükəndikdən sonra Konstitusiya Məhkəməsinə şikayət verilə bilər".
236