ABŞ-ın neft-qaz nəhəngi "Chevron" 2017-ci ilədək $10 mlrd. həcmində aktivlərinin satışının anonsunu verib.
"APA-Economics" xəbər verir ki, buna səbəb korporasiyasının mənfəətinin ciddi şəkildə (2001-ci ildən ən aşağı göstərici) azalmasıdır. Bundan öncə şirkətin bəyanatında bildirilib ki, ABŞ-dakı aktivlərin satışından söz gedə bilməz.
Ötən gün isə "Reuters" agentliyi xəbər verib ki, "Chevron" Banqladeşdəki aktivlərinin satışı ilə bağlı kommersiya danışıqlarına başlayıb. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib və bildirib ki, bu addımın atılmasının əsas səbəbi neftin ucuzlaşmasıdır. Buna baxmayaraq, yekun qərar hələlik verilməyib.
Bundan öncə isə "Bloomberg" agentliyi yazıb ki, korporasiya Banqladeşdəki aktivlərinin satışından $2 mlrd. əldə etmək niyyətindədir. Bildirilir ki, aktivlərin alışında Hindistan və Çindən olan investorlar maraqlıdır. Şirkət rəsmisi isə yalnız onu bildirib ki, "məsələ ən yüksək səviyyədə həll olunduğundan" detallı informasiyanı vermək çətindir.
"Chevron"un xarici aktivləri arasında Azəri-Çıraq-Günəşli (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) kimi layihələrdəki paylarını qeyd etmək olar. Korporasiya bu layihələrdə müvafiq olaraq 11,3% və 8,9%-ə sahibdir. Bu baxımdan 2017-ci ilədək satılması planlaşdırılan və $10 mlrd. həcmində qiymətləndirilən aktivlərin arasında yuxarıda qeyd edilənlərin olub-olmaması böyük maraq doğurur.
Korporasiyanın Azərbaycandakı layihələr üzrə əlaqələndiricisi Salli Conz (Sally Jones) "APA-Economics"ə eksklüziv açıqlamasında AÇQ və BTC-dəki paylarının satılacağını nə təsdiq, nə də ki təkzib edib.
"Maliyyə məsələləri, o cümlədən bazar spekulyasiyalarının müzakirəsi şirkətin siyasətinə daxil deyil", - deyə o bildirib.
S. Conz korporasiyanın Banqladeşdəki aktivlərinin satışı ilə bağlı kommersiya danışıqlarının aparıldığını təsdiqləyib: "Hələlik satışla bağlı heç bir qərar qəbul olunmayıb. Biz yalnız cəlbedici rəqəm təklif olunduğu təqdirdə Banqladeşdəki aktivlərin satışını həyata keçirəcəyik".