Bu gün Bakıda "Gilan Hollding" ilə "Accor Group" arasında "Badamdar Hotel"in "Pullman" tərəfindən idarə olunması dair müqavilə imzalanıb.
"APA-Economics" xəbər verir ki, sənədə "Gilan Hospitality Group" şirkətinin direktoru Elgün Məmmədov və "Accor Hotels" şirkətinin MDB üzrə regional direktoru Aleksis Delaroff imza atıblar.
Mərasimdə çıxış edən E. Məmmədov bildirib ki, otel 2011-ci ilin sentyabr ayından başqa bir brendin idarəetməsi altında fəaliyyətə başlayıb: "Yalnız idarəetmə müqaviləsinin birinci fazasında, yəni 5 ildən sonra qarşılıqlı razılığa əsasən bu brendlə müqavilə dayandırılıb və otelin dünya nəhəngi sayılan başqa brendlə - "Accor Group"un "Pullman" brendi altında idarə olunmasına qərarı verilib".
E. Məmmədovun sözlərinə görə, "Badamdar Hotel" Azərbaycanın ən böyük otellərindən biri sayılır. Belə ki, oteldə 280 qonaq otağı, 70 kvadratmetrlik banket zalı, 3000 kvadratmetrlik SPA-mərkəzi, xidmət apartamentləri, ofislər, restoranlar, kafelər, uşaq əyləncə mərkəzi və ticarət mərkəzi fəaliyyət göstərir. "Otel müasir beynəlxalq beşulduzlu standartlara cavab verir", - deyə o əlavə edib.
A. Delaroff isə bildirib ki, şirkət Azərbaycan bazarına daxil olmaqdan olduqca məmnundur: "Bu, bizi daha məsuliyyətli olmağa vadar edir. "Accor Hotels" otellər qrupu dünyanın ən böyük otellər şəbəkəsi operatorudur. Hazırda bütün dünya üzrə 100-dən çox "Pullman" brendi var. Bir müddət əvvəl biz "Gilan Holding"ə müraciət edərək Azərbaycanda "Pullman" brendini təmsil etmək istəyimizi bildirdik. Avropanın ən böyük hotellər şəbəkəsi olaraq "Accor Hotels" üçün "Gilan Holding"lə əməkdaşlıq etmək çox asandır. "Accor Hotels" bu otelə xidmət, satış, marketinq üzrə bir çox yenilikləri gətirməyə hazırdır. Bu gün rəqəmsal texnologiya biznes üçün çox vacibdir. Bu səbəbdən "Accor Hotels" yeni texnologiyaların tətbiqinə 250 milyon dollardan çox vəsait yatırır. Əgər bir otel rəqəmsal qaydada fəaliyyət göstərmirsə, deməli sizi heç kəs görmür və eşitmir. Yaxın zamanda biz yeniliklər üzərində işləyəcəyik. Bu istiqamətdə əhatəli plan hazırlanacaq".
Qeyd edək ki, "Accor Hotels" qrupuna məxsus dünyaca məşhur "Pullman Hotels and Resorts" brendinin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühiti ilə bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqətin yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Bu amillər ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. "Pullman Hotel and Resorts" brendinin Azərbaycana gəlməsi də bu istiqamətdə atılan əsaslı addımlardan biridir. Yeni brendin Azərbaycanda fəaliyyətə başlamasını xidmət sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı da saymaq olar.
Olduqca müasir dizaynı ilə seçilən obyektdə beynəlxalq və milli memarlıq üslubu böyük peşəkarlıqla uzlaşdırılıb. Müxtəlif çeşidli yüksək xidmətin göstəriləcəyi otel kompleksi, eyni zamanda, beynəlxalq səviyyəli nadir memarlıq incilərindən biridir.
Otel 280 nömrədən, o cümlədən lüks nömrələrdən, 38 rezidensiyadan, 36 ofisdən, 19 konfrans-zaldan, iki restoran və iki bardan, “Qəbələ” banket zalından, qapalı hovuzdan, 3000 kvadratmetrlik SPA-mərkəzindən ibarətdir. On dörd mərtəbəli binanın birinci mərtəbəsində 850 nəfərlik ziyafət salonu yerləşir. Burada xidmət ən yüksək beynəlxalq standartlara cavab verir. Burada üç iclas salonu da yerləşir. İclas salonlarında işgüzar şəxslər müxtəlif tədbirlər keçirə bilərlər. Bundan başqa, otelin birinci mərtəbəsində müxtəlif ofis və mağazalar fəaliyyət göstərir.
Otelin 4-7-ci mərtəbələrində ofislər yerləşir. Burada işgüzar şəxslərin istənilən səviyyəli tədbirləri keçirmələri üçün ən xırda detallar belə nəzərə alınıb. Üçüncü mərtəbədə 14 toplantı otağı var. Həmin otaqlarda videomaterialların nümayişi və istənilən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək mümkündür. İkinci mərtəbədə də toplantı otaqları fəaliyyət göstərəcək. Ən böyük toplantı otağı da bu mərtəbədə yerləşir. Burada 525 nəfər istənilən tədbirə qatıla bilər. Toplantı otağının səhnəsi də vardır. İşıqlandırma sistemi mükəmməlliyi ilə seçilir. Burada beş dildə sinxron tərcümə üçün texniki imkan yaradılıb.
"Accor Hotels" - dünyanın aparıcı otel adminstratoru olan "Pullman"ın Avropa, Afrika, Yaxın Şərq, Asiya-Sakit okean və Amerika arasında 100 ədəd beşulduzlu oteli mövcuddur. Dünyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərən "Pullman Hotel and Resorts" iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. 2025-ci ilə qədər bu brend adı altında fəaliyyət göstərəcək otellərin sayı 200-ə çatacaq. Müştərilərinin 60%-ni iş adamları təşkil edən 5 ulduzlu otel, yaxın günlərdə Azərbaycana gələcək istər iş adamlarına, istərsə də digər qonaqlara xidmət göstərməyə başlayacaq.
"Accor Hotels" dünyanın 95 ölkəsində fəaliyyət göstərir.