“Çox şadam ki, bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artıb. Bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir”.
APA-nın xəbərinə görə, bunu bu gün Respublika Günü ilə bağlı rəsmi qəbuldakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident ölkə üçün ənənəvi olmayan informasiya-kommunikasiya texnologiyaları, digər sahələrin inkişaf etdiyini, ümumi daxili məhsulda neft seqmentinin artıq azlıq təşkil etdiyini bildirib.
Ölkə başçısı bildirib ki, gələn ilin əvvəlində üçüncü regional inkişaf Proqramı qəbul olunacaq.
Ölkənin özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etməsinin vacibliyini vurğulayan dövlət başçısı Azərbaycanda güclü ixrac potensialı yaradılmalı olduğunu da qeyd edib.
Ölkədə sürətlə sənayeləşmə prosesinin getdiyini deyən prezident texnoparklar yaradıldığını, yeni sənaye müəssisələrinin fəaliyyət göstərdiyini bildirib: “Bu da iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına xidmət göstərir. Biz növbəti illərdə ümumi daxili məhsulu məhz qeyri-neft sektoru hesabına artırmalıyıq”.
“Biz son on il ərzində dünyada ən yüksək sürətlə inkişaf edən ölkə olmuşuq. Hesab edirəm ki, biz bundan sonrakı on il ərzində qeyri-neft sektorunun ən sürətli inkişafını təmin etməliyik. O ki qaldı neft sektoruna, hesab edirəm ki, biz indi gündəlik fəaliyyətimizdə əsas diqqəti bu sahəyə yönəltmirik”- deyə ölkə başçısı bildirib.
Prezident qeyd edib ki, neft sektorunda bütün layihələr uğurla icra edilib: “Keçən il TANAP layihəsinin imzalanması böyük tarixi hadisədir. Qürur hissi ilə deyə bilərəm ki, TANAP layihəsinin təşəbbüskarı da Azərbaycandır. Ən böyük maliyyə və texniki yük də Azərbaycanın üzərinə düşür. Biz bu məsuliyyətə hazırıq. Biz görürdük ki, “Cənub” qaz dəhlizi ilə bağlı danışıqlar davam edir və danışıqlardan başqa, necə deyərlər, heç bir real addımlar atılmır. Ona görə bu təşəbbüsü də biz öz üzərimizə götürmüşük. TANAP layihəsi qısa müddət ərzində geniş beynəlxalq dəstək qazana bilib. Əminəm ki, Azərbaycan bu layihəni də bütün başqa layihələr kimi şərəflə yerinə yetirəcək”.
Prezident bildirib ki, indi Azərbaycanın irəli sürdüyü təşəbbüslər diqqəti cəlb edir: “ Bizim qərarlarımız gözlənilir. Bizim qərarlarımız həlledici rol oynayacaq. Azərbaycanda veriləcək qərarlar qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə olacaq. Biz tərəfdaşlarla bərabər qitənin yeni enerji xəritəsini müəyyən edirik. Bu, böyük məsuliyyətdir, böyük şərəfdir, böyük nailiyyətdir. Çünki bunu biz öz təşəbbüslərimizlə etmişik. Bu gün də bölgənin enerji şaxələndirilməsi ilə bağlı təşəbbüslər böyük dərəcədə Azərbaycanın təşəbbüsləri ilə uzlaşır. Bizim bu istiqamətdə siyasətimiz birmənalıdır”.
Ölkə başçısı Azərbaycanın enerji amilindən əməkdaşlığı dərinləşdirmək üçün istifadə etdiyini bildirib: “Bu amildən heç vaxt qarşıdurma, əsassız rəqabət yaratmaq üçün yox, əməkdaşlıq yaratmaq, möhkəmləndirmək və milli maraqlarımızı təmin etmək üçün istifadə edirik. Bu siyasət bu günə qədər düzgünlüyünü sübut edir. Əminəm ki, Azərbaycan bundan sonra da regional və dünya miqyaslı enerji tərəfdaşı kimi öz sözünü deyəcək və bu gün bizim planlaşdırdığımız layihələr uğurla nəticələnəcək”.