Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, avqustun 2-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 6 mln. 350 min 549 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 6 mln. 350 min 549 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 637 min 959 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1 mln. 67 min 399 manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə 4 bank üzrə 15 mln. 406 min 455 manatdan artıq kompensasiya verilib.
Fond ictimaiyyətin nəzərinə çatdırır ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olanwww.adif.az saytından əldə edə bilərlər.
Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
2 mart 2016-cı il tarixdən əvvəl illik 12%-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.