“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb®
20 dekabr 2022 17:46 (UTC +04:00)

“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb®

“Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub. Bankın  strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi barədə məsələnin müzakirəsi zamanı, səhmdarlar idarəetmə strukturunda dəyişikliklər edilməsi ilə bağlı bir sıra qərarlar qəbul ediblər.

Səhmdarların qərarına əsasən, Müşahidə Şurasının üzvü Kristof Gabriel Maetze missiyası bitdiyi üçün MŞ üzvü kimi fəaliyyətini dayandırıb. İdarəetmə strukturundakı digər dəyişikliklərə əsasən, 1 yanvar 2023-cü il tarixdən etibarən Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov Müşahidə Şurası sədrinin müavini təyin olunub. Hazırda İdarə Heyəti sədrinin 1-ci müavini, İcraçı direktor vəzifəsində olan Fərid Abuşov İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvü Heybət Qədirov isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Ümumi yığıncağın qərarı ilə Risklər üzrə Baş Direktor Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı təyin olunub.

Qeyd edək ki, Müşahidə Şurası sədrinin müavini təyin edilən Faiq Hüseynov Unibank yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. Onun banka rəhbərlik etdiyi 20 il ərzində Unibank böyük nailiyyətlərə imza atıb. 1994-cü ildən başlayaraq bank sektorunda rəhbər vəzifələrdə çalışan Faiq Hüseynovun rəhbərliyi dövründə Unibank nüfuzlu beynəlxalq qurumlar tərəfindən 6 dəfə Azərbaycanda ilin ən yaxşı bankı nominasiyalarının qalibi olub. Bu dövrlərdə Avropa Yenidənqurma və İnkişaf  Bankı ilk dəfə “Unibank”ın nümunəsində bir Azərbaycan bankının səhmdarları sırasına daxil olub.  Bu illər ərzində Unibank Azərbaycanın ən aktiv kredit təşkilatı kimi real sektorun inkişafına, iqtisadiyyatın maliyyələşdirilməsinə böyük dəstək göstərib. Bank rəhbərliyinin peşəkar idarəçiliyi və kollektivin əzmkarlığı sayəsində bu illər ərzində əsas maliyyə göstəricilərinə görə, Unibank hər zaman ilk sıralarda olub. Hazırda bankın aktivlərinin həcmi 1,3 milyard manatı ötüb. Məcmu kapitalın həcmi isə 122 milyon manatdan çoxdur. Ölkənin ən innovativ banklarından birinə çevrilən Unibank, ölkə bank bazarı üçün ilk olan “mobile-only” (filialsız bank) prinsipi ilə işləyən Leo rəqəmsal bankçılıq xidmətini də təqdim edib.

Unibank KB-nin İdarə Heyətinin yeni sədri Fərid Abuşov 15 ildən artıqdır ki, bank sektorunda çalışır. Bank rəhbərliyində uzunmüddətli təcrübəyə malik olan Fərid Abuşov, 2019-cu ilin iyun ayından Unibank komandasının üzvüdür. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.

İdarəetmə sistemində edilən yeniliklər, yeni kadr təyinatları “Unibank”ın yaxın illərdə ölkə bank bazarında mövqeyini daha da gücləndirməklə yanaşı, daxili kadr potensialından bank rəhbərliyində daha səmərəli istifadə etmək məqsədlidir və eyni zamanda daxili kadrlara yüksək dəyərin göstəricisidir. Bankın korporativ idarəçiliyində yeni mərhələ olan bu addım, təcrübəli və peşəkar kadrların Müşahidə Şurasında təmsil olunması, Şura üzvlərinin  bankın idarəçiliyində yaxından iştirakına şərait yaratmaq məqsədi daşıyır. Bankda uzun müddət çalışan peşəkar rəhbərlik heyətinin Müşahidə Şurasında təmsil olunması prosesi davam edəcək. Bu, həm də bankın İnsan Resursları Strategiyasına uyğun olaraq daxili kadrların inkişaf etdirilməsi və rəhbər vəzifələrin onlara həvalə edilməsi istiqamətində növbəti addımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Oxşar yazılar