Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilib.
Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
1. Maliyyə vəziyyəti haqqında hesabat
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər
Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün həmin qərarla “Maliyyə fəaliyyətinin olmaması barədə arayış” forması təsdiq edilib.
Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formalara uyğun olaraq illik maliyyə hesabatlarınızı və ya “Maliyyə fəaliyyətinin olmamasına dair arayış”larınızı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.