“Əl-Cəzirə” ilə BAMF arasında keçirilən ərəbdilli jurnalistlər üçün təlimlər BAŞA ÇATDI
05 sentyabr 2022 14:40 (UTC +04:00)

“Əl-Cəzirə” ilə BAMF arasında keçirilən ərəbdilli jurnalistlər üçün təlimlər BAŞA ÇATDI

Sentybarın 5-də “Əl Cəzirə” Media Şəbəkəsi ilə BAMF-ın ərəbdilli jurnalistlər üçün təşkil etdikləri təlimlər başa çatdı.

Lent.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbut Fondunda ərəbdilli jurnalistlərin setifikatlarının təqdimat mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova, Əməkdar jurnalist Elçin Mirzəbəyli, “Şərq” qəzetinin direktoru Akif Aşırlı və jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu iştrak ediblər.

Tədbir BAMF-ın Prezidenti Umud Mirzəyevin çıxışı ilə açıq elan olunub. O, Əl Cəzirənin əməkdaşlığı ilə birgə təşkil edilən təlimin çox məhsuldar olduğunu bildirib. Umud Mirzəyev, həmçinin, təlimin Azərbaycan jurnalistikasının Beynəlxalq prinsiplər əsasında formalaşmasına mühüm töhfələr verəcəyini vurğulayıb.

“Biz “Əl Cəzirə”ylə 10 ilə yaxındır ki, əməkdaşlıq edirik. Bu ilin mart ayında bizim rəsmi anlaşmamız oldu və təşkilatımızla “Əl Cəzirə” arasında memorandum imzalandı. Bildirim ki, təlimlərimiz bununla yekunlaşmır. İrəlidə daha böyük təlimlərin keçirilməsi planlaşdırılır. Biz “Əl Cəzirə”ylə birlikdə sülh naminə hələ çox addımlar atacağıq. “Əl Cəzirə” və Azərbaycan münasibətlərinin kökündə məlumatların obyektiv olaraq dünyaya çatdırılması durur. Bizi “Əl Cəzirə”yə bağlayan əsas nüans məhz ədalətlilik prinsipidir”.

Tədbir zamanı “Əl Cəzirə” Media Şəbəkəsinin jurnalisti Məhəmməd Qulam Bouba da təlim barədə təəssüratlarını bölüşüb.

“İlk olaraq Umud müəllimə, bizə belə şərait yaratdığı üçün təşəkkür edirik. Doğrusu, təlimdə iştirak edənlər təlimləri və göstərişləri necə qavrayacaq deyə narahat idim, çünki aramızda dil bariyeri var. Amma vaxt keçdikcə gördüm ki, onlar hər bir məlumatı yüksək səviyyədə mənimsəyiblər. Xoşbəxtəm ki, onlar bu peşənin sahibidirlər və inanıram ki, təlim zamanı qazanılan biliklər onlara gələcək fəaliyyətində mühüm töhfələr verəcək”.

Məhəmməd Qulam daha sonra “Əl Cəzirə” Media şəbəkəsi adından BAMF-a öz təşəkkürünü bildirərək, Umud Mirzəyevə hədiyyə təqdim edib. Tədbirdə iştirak edən, əməkdar jurnalist Elçin Mirzəbəyli çıxışı zamanı BAMF-ın 30 illiyi münasibəti ilə təşkilatı təbrik edib. O, Umud Mirzəyevin yaratdığı Fondun Azərbaycanda münbit şüurun formalaşmasına əsaslı təsir etdiyini də vurğulayıb.

“Şərq” qəzetinin təsisçisi Akif Aşırlı da təlimin vacibliyi ilə bağlı fikirlərini bölüşüb.

“Umud müəllim və mən təşkilatın ilk yarandığı zaman Qarabağa birlikdə səfərimiz baş tutmuşdu. Həmin dönəmdə biz işğal olunan ərazilərdən reportajjlar hazırlayaraq haqqın səsini dünyaya çatdırmağa çalışırdıq. Qeyd edim ki, BAMF Azərbaycanda çoxşaxəli layihələrə imza atıb. BAMF həmçinin Azərbaycan jurnalistikasının beynəlxalq prinsiplər əsasında formalaşmasına da təsir edib”,-deyə o deyib.

Akif Aşırlı həmçinin “Əl Cəzirə” kimi nəhəng media qurumunun təlimlərinə daha çox ehtiyyac olduğunu bildirib.

Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova Beynəlxalq əməkdaşlıqların Azərbaycan mediasına gətirdiyi yeniliklərin zəruriliyini vurğulayıb.

Sonda təlim iştirakçıları da öz fikirlərini bölüşüblər. Daha sonra onların sertifikatlarının təqdimat mərasimi keçirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar