Yay mövsümündə bir çox sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da canlanma müşahidə olunur. Havalar istiləşdikcə insanlar həyət və bağ evlərinə üz tuturlar. Bağ evlərinə tələbat artdıqca qiymətlərdə olan dəyişiklik gündəmə gəlir.
Hazırda bağ və həyət evlərində qiymətlər necədir? Artım gözlənilir?
Məsələ ilə bağlı Lent.az-a danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, ötən illə müqayisədə bağ və həyət evlərində qiymətlərində artım olacaq:
“Keçən illə müqayisədə ümumi əmlak bazarında haradasa 18-20 faiz, ipotekaya yararlı evlərdə isə 25 faizə qədər qiymət artımı olub. Təbii ki, bu bağ evlərində də özünü göstərir. Bağ evlərində keçən illə müqayisədə ümumi qiymət artımına görə onun da qiymətləri təbii ki, artıb. Buna baxmayaraq, hər il olduğu kimi, mart ayından sonra aprel, may aylarında ümumi bağ evlərində qiymət yüksəlməsi gözlənilir. Çünki sezona uyğun olaraq hər il bu vaxtlar bağ və həyət evlərində qiymət artımı olur. İllərdir bu belə davam edir, belə də gedir. Buna səbəb isə sezonun gəlməsidir. Bu da öz növbəsində qiymət artımına gətirib çıxarır”.
Onun sözlərinə görə, qiymət artımı məkan olaraq dəyişir:
“Təbii ki, hər yerin bir qiyməti var. Hər ərazinin, hər qəsəbənin bir qiyməti var. Qiymət artımı, əsasən, dənizə yaxın ərazilərdə, dənizkənarı sahillərdə dəyişir. Yəni qiymət dənizə qədər məsafədən asılı olaraq dəyişir. Belə ki, daha yüksək olan qiymət dənizə nisbətən daha yaxın, ayaqla gedəcək məsafələrdə qeydə alınır. Ümumi götürsək, bazar qiymətində keçən ilə nisbətən bu il hardasa bağ evləri və həyət evlərində 18-17% qiymət artımı qeydə alınıb.
Bayaq yuxarıda vurğuladığım kimi, buna səbəb isə həm bağ evlərinin sezonunun açılması və tələbatın artması göstərmək olar. Bu baxımdan əminliklə deyə bilərik ki, bazar qiymətində torpaq evlərinin həm kirayəsində, həm də alqı satqısında artım olacaq.
Bundan başqa, keçən illə müqayisədə bu il alıcıların bağ evlərinə və ayrıca həyət sistemli evlərə daha çox maraq göstərəcəyini düşünürəm. Çünki buna səbəb qardaş ölkədə baş vermiş zəlzələdir. Bu tipli evlərdə insanlar özlərini daha güvənli hiss edəcəklərini düşünürlər
Bu qiymət artımı təkcə satışda olan bağ evlərində yox, həmdə kirayə verilən bağ evlərində qeydə alınacaq”.