Böhranın qızıl dövrü – ARAŞDIRMA
23 avqust 2011 15:55 (UTC +04:00)

Böhranın qızıl dövrü – ARAŞDIRMA

Dünyanın maliyyə bazarlarında uzun sürən gərginlik son aylar kritik həddə çatıb. Xarici valyutalar, xüsusən də dünyanın əsas aparıcı valyutası olan dolların kursunda kəskin dəyişikliklər fonunda qızılın qiyməti sürətlə artır. Vəziyyət hətta o qədər qorxulu həddə çatıb ki, bu yaxınlaradək iqtisadi və maliyyə sabitliyinə həsəd apardığımız ölkələrin belə, valyuta ehtiyatlarının dəyərini itirəcəklərindən əndişələnir. Qızıl istehsal edən və bu nəcib metalı özünün valyuta ehtiyatlarına daxil edən ölkələr isə sanki bir qədər rahat görünür.

Bəs, qızıl yataqlarına malik olan və hazırda bir neçə yataqda bu nəcib metalın istehsalını davam etdirən Azərbaycanda vəziyyət necədir? Qızılın bahalaşması Azərbaycana və onun maliyyə ehtiyatlarına necə təsir göstərə bilər?

Nəzərə alsaq ki, Azərbaycanın maliyyə ehtiyatlarında dollar üstünlük təşkil edir, qızıla isə valyuta saxlancı kimi hələ indi maraq göstərilir, onda bu məsələnin ölkəmiz üçün nə qədər vacib olduğunu geniş izahatlar verməyə ehtiyac qalmır. Bəri başdan deyək ki, hazırda dünyada beynəlxalq valyuta ehtiyatlarının strukturunda dollar 60 faiz yer tutur. 20-25 faiz isə avronun payına düşür. Valyuta ehtiyatlarının 80 faiz hissəsi daim məzənnə fərqi ilə oynayır – gah artır, gah da azalır. Bunun nəticəsidir ki, məsələn, Rusiyada bir həftə ərzində bu ölkənin valyuta ehtiyatı 1-2 milyard dollar artıb-azalır. Yəni beynəlxalq valyutalar arasındakı çəkişmə rus rublunun məzənnəsinə daha çox ciddi təsir göstərir.

Külçə qızıl - ən etibarlı saxlanc vasitəsi

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, qlobal maliyyə böhranı dövründə investorların bir qismi neftlə paralel qızıla da sərmayə qoyması bu nəcib metalın tarixən ən etibarlı aktiv olduğunu təsdiqləyib. Onun sözlərinə görə, tarixən qızıla qoyulan vəsait daim özünü doğruldub və bu nəcib metalın qiyməti adətən, artım tendensiyası ilə müşahidə olunub: “Düzdür, epizodik olaraq qızılın da qiymətində ucuzlaşma baş verib. Ancaq bu, qısamüddətli proses olub və müəyyən dövrdən sonra qızıl yenidən əvvəlki qiymətini bərpa edib”.

Xatırladaq ki, son 5 ildə qızılın qiyməti 3 dəfə bahalaşıb. 2008-ci ildə 1 unsiya qızılın orta qiyməti 800 dollar, 2009-cu ildə 1000 dollar, 2010-cu ildə 1400 dollar idisə, 2011-ci ilin səkkizinci ayında bu qiymət 1700 dolları ötüb keçib. Proqnoz isə bundan ibarətdir ki, qızılın qiyməti 2000 dollar həddini keçəcək. Hətta nəcib qızılın 2500 dollara qədər bahalaşacağına dair proqnozlar verilir.

Samir Əliyev bildirir ki, ötən ildən etibarən Avropa ölkələrinin Mərkəzi bankları kütləvi şəkildə qızıl almağa və öz valyuta ehtiyatlarında bu nəcib metalın həcmini artırmağa başlayıb. Hazırda isə qızıl dünyada ən etibarlı valyuta olaraq qalır: “Buna görə də investorlar qızıla üz tutur və kütləvi şəkildə qızılların alınması prosesi baş verir. Yəni öz valyuta ehtiyatlarında qızılın payını kütləvi şəkildə artırırlar. Mərkəzi banklar aktiv şəkildə qızıl alışına girişiblər. Səbəb qızıl-valyuta ehtiyatlarının dollardan asılılığını azaltmaqdır. Dünya Qızıl Şurasının məlumatına görə, 2011-ci ilin yanvar-iyun aylarında mərkəzi banklar dünya bazarlarından 192,3 ton qızıl alıblar. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 2010-cu ilin I yarımilliyində qızıl alışının həcmi 72,9 ton olub. Əsas alıcılardan biri Rusiya Mərkəzi Bankı olub. Bu bank təkcə II rübdə 26 ton qızıl alaraq ehtiyatını 837 tona çatdırıb”.

Yeri gəlmişkən, təkcə 2010-cu ildə qızıl 40 faizə qədər bahalaşıb. 2008-ci ildə 25 faiz, bu ilin 8 ayında isə 30 faizə qədər artıb. Bu isə onunla bağlıdır ki, investorlar maliyyə bazarındakı məzənnə dəyişikliklərindən narahat olduqlarından daha etibarlı aktiv kimi qızıla üz tuturlar.

Azərbaycana ikitərəfli təsir

Qızılın bahalaşmasının Azərbaycana təsirinə gəlincə, dünya bazarında nəcib metalın bahalaşmasının bir səbəbi də dolların ucuzlaşması ilə əlaqələndirilir. Dolların ucuzlaşması isə təkcə qiymətli malların yox, bütün istehlak məhsullarının, o cümlədən ərzağın bahalaşmasına səbəb olur. Samir Əliyev hesab edir ki, əslində dolların ucuzlaşması Azərbaycana iki istiqamətdə təsir göstərir: “Birinci istiqamət odur ki, bahalaşan neft Azərbaycanın gəlirlərini artırır və bu, milli valyutanı möhkəmləndirir. İkinci istiqamət isə odur ki, Azərbaycanın valyutası dollara bağlıdır. Dolların kursundakı hər hansı dəyişikliklər manatın da kursuna təsir göstərir və Azərbaycan manatı digər valyutalara münasibətdə çarpaz kurs əsasında müəyyən olunur. Yəni dollar həmin valyutalara nisbətən necə dəyişirsə, Azərbaycan manatı da həmin valyutalara nisbətdə o cür dəyişir. Bu baxımdan, dolların kursunun dəyişməsinin Azərbaycan iqtisadiyyatına təsiri özünü göstərir. Çünki Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsi hələ də yüksək olaraq qalır. Belə bir vəziyyət idxaldan asılılığı gücləndirir, iqtisadi rentabelliyi zəiflədir, işsizlik risklərini artırır”.

Ekspertin fikrincə, maliyyə bazarındakı proseslər Azərbaycana o baxımdan təsir göstərir ki, ölkəmiz özünün qızıl istehlakını 100 faiz idxal hesabına formalaşdırır. Belə ki, Azərbaycanda istehsal olunan qızılın həcmi çox kiçik olduğundan bu, ölkə bazarında ciddi rol oynaya bilmir. Buna görə də Azərbaycan qızıl istehlakını, o cümlədən zinət əşyalarını qiyməti xaricə təsirlərdən asılı olan idxal hesabına ödəyir. Samir Əliyevin fikrincə, dünyada qızılın bahalaşması birbaşa Azərbaycanda da qiymətlərin qalxmasına təsir göstərir: “Çünki Azərbaycanda qızıl istehsal olunmadığından biz tələbatımızı xarici qızıl hesabına ödəyirik”.

Yeri gəlmişkən, dünya bazarında emal olunmuş qızıl deyil, daha çox külçə qızılın qiyməti qalxır. Belə ki, zərgərlik məmulatlarının qiymətində ciddi dəyişiklik yoxdur və bahalaşma xam, yəni külçə qızılın qiymətində daha çoxdur. Ekspertlər isə bunu zərgərlik məmulatlarına tələbatın azalması, külçə qızılın isə əksinə, valyuta ehtiyatlarının strukturunda ən etibarlı aktiv vasitəsinə çevrilməsi ilə əlaqələndirir. Elə Samir Əliyev də son illərin statistik məlumatlarına əsaslanaraq, dünyada zərgərlik məmulatlarına tələbatın azaldığını deyir. Onun sözlərinə görə, zərgərlik məmulatlarını idxal edən ölkələr əsasən Çin, Hindistan və Yaxın Şərq, o cümlədən Misir və Suriyadır. Bu ölkələrdə isə xeyli vaxtdır davam edən siyasi qeyri-sabitlik zərgərlik məmulatlarının idxalını azaldıb: “Qızıl külçələrin bahalaşmasının səbəbi isə daha çox ayrı-ayrı ölkələrin Mərkəzi banklarının qızıl alışını kəskin şəkildə artırmasıdır. Həmçinin Çin, Hindistan və qonşu Rusiya artıq kütləvi şəkildə qızıl külçə alaraq öz valyutalarını qızılla doldururlar. Məsələn, hazırda Rusiyanın valyuta ehtiyatının təxminən 5 faizi qızılın payına düşür. ABŞ və Almaniyada isə bu göstərici 60-70 faiz təşkil edir”.

Qızılın bahalaşmasının Azərbaycana xeyrindən isə danışmağa dəyməz. Çünki hazırda Azərbaycanın valyuta ehtiyatının tərkibində qızılın payı çox azdır. 2010-cu ilin sonunadək Azərbaycanın valyuta ehtiyatlarında ümumiyyətlə, qızıl olmayıb. Hazırda isə ölkənin valyuta ehtiyatında külçə qızılın payı heç 0,001 faiz də deyil.

389,2 kiloqram qızılımız var

Yeri gəlmişkən, ötən ilin sonlarında Maliyyə Nazirliyində Qızıl Ehtiyatı Fondunun yaradılması istiqamətində hazırlıq işlərinə başlansa da, bu, baş vermədi. Nazirlikdən Lent.az-a bildiriblər ki, hazırda Mərkəzi Bankda saxlancda Azərbaycan Respublikası Hökumətinə məxsus 12514,7 troy unsiya (389,2 kiloqram) qızıl var. Bu isə hazırkı bazar qiymətləri ilə təxminən 19 milyon dollar deməkdir.

Hazırda Azərbaycanın ümumu valyuta ehtiyatı 37 milyard dollardır. Bunun 30 milyardı Dövlət Neft Fondunun aktivləridir. 7 milyarddan bir qədər artıq isə Mərkəzi Bankın valyuta ehtiyatlarıdır ki, bunun da cəmi 800 milyona qədəri qızılın payına düşür. Mərkəzi Bankın valyuta ehtiyatlarında dollar 50 faizdən çox, avro 40 faiz paya malikdir. Yerdə qalanın 5 faiz funt-sterlinq, digər 5 faiz isə qarışıq valyutadır.

Dövlət Neft Fondunun isə valyuta ehtiyatlarının 55 faizi dollar, 35 faizi avro, 5 faizi funt-sterlinq, yerdə qalanı qarışıq valyutada saxlanılır. Dollar getdikcə dəyərdən düşür və bu, o deməkdir ki, Azərbaycanın valyuta ehtiyatları da tədricən dəyərini itirir. Ancaq Samir Əliyevin fikrincə, Azərbaycan vaxtında valyuta ehtiyatlarına qızıl daxil etsəydi və qızılın həcmini artırsaydı, ölkənin valyuta ehtiyatı indikindən daha etibarlı, həm də daha çox olardı: “Məncə, bu gün Azərbaycanın valyuta ehtiyatlarında qızılın payını təxminən 10 faizədək artırmağa ehtiyac var. Çünki proqnozlar onu göstərir ki, dollar getdikcə qiymətdən düşəcək. Yəni ABŞ özünün xarici borclarını ödəmək dolların məzənnəsini aşağı salmalı olacaq. Ona görə də Azərbaycanın valyuta ehtiyatında 50 faizlik yer tutan dollar da öz dəyərini itirəcək. Ona görə də Azərbaycan valyuta ehtiyatlarında qızılın payını artırmalıdır”.

Beynəlxalq təcrübəyə əsasən, bankların qızıl ehtiyatları 11-13 kiloqram çəkidə külçələrlə saxlanılır. Azərbaycanda qızılın bu şəkildə saxlanması məqsədilə ilk dəfə Xalq Cümhuriyyəti dövründə xüsusi fond yaradılıb. Dövlət müstəqilliyini bərpa etdikdən az sonra - 1992-ci ildə Azərbaycanda Ləl-Cəvahirat Fondu yenidən fəaliyyətə başlayıb və o zaman fondda müəyyən həcmdə qızıl və qiymətli metallardan hazırlanmış daş-qaş ehtiyatı vardı. Lakin cəmi 13 il sonra, 2005-ci ildə Ləl-Cəvahirat Fondu ləğv edilib. Son bir ildə isə Maliyyə Nazirliyi belə bir fondun yaradılması təşəbbüsü ilə çıxış etsə də, hələ ki, ortada real nəticə yoxdur. Səbəbini nazirlikdə də bilmirlər.

Qızıl Fondumuz niyə yoxdur?

Ekspertlər hesab edirlər ki, Azərbaycanda Qızıl Ehtiyatı Fondunun yaradılması artıq gecdir və bundan sonra belə bir qurum o qədər də effekt verməyəcək. Mütəxəssislər bildirirlər ki, hökumət belə bir fondun yaradılmasına və qızılın da valyuta ehtiyatlarına daxil edilməsinə ən azı 5 il əvvəl başlamalı idi. Çünki son 5 ildə qızılın qiyməti 3 dəfə bahalaşıb və Azərbaycan vaxtında tədbir görsəydi, dövlətin qızıl ehtiyatı indikindən daha böyük olardı.

Bununla belə, Samir Əliyev hesab edir ki, xam qızılın bahalaşması Azərbaycana az da olsa xeyir gətirə bilər. Onun fikrincə, Azərbaycanda istehsal olunan qızılın həcmi çox az olsa da, istehsal olunan qızılın baha satılmasına və daha çox gəlirin əldə edilməsinə səbəb olacaq: “Amma bizdə istehsal olunan qızılın həcmi o qədər kiçikdir ki, bunun Azərbaycana hansısa xeyir verəcəyindən danışmaq hələ çox tezdir. Qızılın bahalaşmasının Azərbaycana ziyanı daha çoxdur. Çünki qızılın bahalaşması istehlak mallarının qiymətinə ciddi təsir göstərir. Yəni insanlar qızılı baha qiymətə almağa məcbur olur və bahalaşmadan daha çox vətəndaşlar əziyyət çəkir”.

O ki qaldı Qızıl Ehtiyatı Fondunun yaradılması və bunun Azərbaycan iqtisadiyyatına verə biləcəyi xeyrə, ekspert deyir ki, ən azından dünya maliyyə bazarlarında baş verən dəyişikliklərdən sığortalamaq üçün belə bir qurumun olması lazımdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, hazırda dünyanın maliyyə bazarında qızılın hegemonluğu reallıqdır. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanda da Qızıl Fondunun yaradılması istiqamətində təşəbbüs və cəhdlər qlobal maliyyə böhranından sonra qızılın qiymətinin kəskin artımı ilə bağlıdır: “Baxmayaraq ki, ortada hələ bir şey yoxdur, mən Qızıl Ehtiyatı Fondunun yaradılmasına müsbət yanaşıram. Amma indiyə qədər fondun yaradılması istiqamətində hansı işlərin görüldüyü barədə məlumat da yoxdur. Nə qədər ixrac olunur, hansı qiymətədir, şərtlər necədir - bilinmir”.

Ekspert onu da əlavə edir ki, dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir vaxtda vəsaitlərin qızılda saxlanması ən uyğun vasitədir: “Qızılın ölkə iqtisadiyyatına qazandırdığı dividend daha yüksəkdir. Təəssüf ki, biz Qızıl Ehtiyatı Fondunun yaradılmasını yubatmaqla bu prosesdə də uduzuruq. Halbuki belə bir fond bir neçə il əvvəl – qlobal iqtisadi böhranının yenicə başladığı ərəfədə yaradılmalıydı”.

ABŞ və Almaniya 65-70 faiz, Azərbaycan isə 0,001 fazi...

Sonda bir məqama da diqqət yetirək: hazırda ABŞ-da valyuta ehtiyatlarının 70, Almaniyada 66,5 faizi, Fransada 64,6 faiz, Britaniyada 16,13 faizi qızılın payına düşür. Bəzi ölkələrdə isə qızıl ehtiyatı daha azdır. Məsələn, Yaponiyada 2,6 faiz, Hindistanda 6,9 faiz, Çində 1,5 faizdir. Rusiyada isə bu göstərici 5 faizdən yüksəkdir. Hazırda dünyada qızıl ehtiyatlarının həcminə görə birinci yeri ABŞ tutur – 8 000 ton. İkinci yerdə 3,4 000 tonla Almaniya, üçüncü isə 3000 tonla Beynəlxalq Valyuta Fondu gəlir. Beynəlxalq Valyuta Fondu ötən il təxminən 400 tona qədər qızıl çıxartdı dövriyyəyə. Həmin 400 tonun 200 tonunu Hindistan, 10 tonunu Şri-Lanka və digər ölkələr almışdı.

Eltac İsazadə
# 1336

Oxşar yazılar