Çörəyimizin dəyişkən ƏDV-si - ARAŞDIRMA
30 aprel 2008-ci il – Nazirlər Kabinetinin 106 saylı qərarı ilə xaricdən Azərbaycana gətirilən ərzaq buğdası və un əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
1 mart 2009-cu il – Nazir Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı”na dəyişiklik edərək xaricdən Azərbaycana gətirilən ərzaq buğdası və unun yenidən ƏDV-yə cəlb olunması haqqında qərar çıxarıb.
3 dekabr 2010 - Nazirlər Kabinetinin qərarı ilə xarici ölkələrdən Azərbaycana gətirilən buğda və un növbəti dəfə ƏDV-dən azad edilib.
Nəhayət, Azərbaycan hökuməti son 3 ildə sonuncu belə qərarını lap bu yaxınlarda verib. Belə ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən (ƏDV) azad olunan malların siyahısı haqqında” qərarını yenidən dəyişib. Hökumətin yeni qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunur. Halbuki Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən buğda və un avqustun 1-dək ƏDV-dən azad edilmişdi. Ancaq bu müddət iyulun 10-dək azaldılıb və artıq xaricdən gətirilən buğda və undan (“Buğda və meslin” və “Buğda unu və ya buğda-çovdar unu”) 18 faizlik ƏDV tutulacaq.
Xatırladaq ki, taxıl və unun ƏDV-dən azad edilməsi ötən ilin dekabrında verilmiş qərardan sonra xaricdən bu məhsulların gətirilməsini kəskin artırmışdı. Dövlət Gömrük Komitəsinin hesablamalarına əsasən, bu ilin yanvar-may aylarında ölkəyə buğda idxalı ötən ilin ilk 5 ayına nisbətən 50 faiz, un idxalı isə 74 dəfə artıb.
Bahalaşma anonsu
Lent.az yeni qərardan sonra ölkənin taxıl bazarındakı durumun hansı istiqamətə dəyişə biləcəyi ilə bağlı vəziyyəti öyrənməyə çalışıb. Bəri başdan deyək ki, bu sahə ilə məşğul olanların əksəriyyəti xaricdən idxal edilən taxıl məhsullarına ƏDV-nin yenidən tətbiqindən narahatdır. Belə ki, həm taxılçılıq və çörəkbişirmə sahəsində ixtisaslaşmış iş adamları, həm də sadə vətəndaşlar bu qərarın ziyanlı ola biləcəyi qənaətindədir. Ən təhlükəlisi isə odur ki, ƏDV-nin yenidən tətbiqi ölkədə taxıl qıtlığı yarada biləcəyi və nəticədə çörəyin bahalaşacağı barədə xəbərdarlıqlar artıq səslənməyə başlayır.
Elə ekspertlər də ölkədə taxılın və çörəyin qiymətinin qalxacağından ehtiyatlanır. İqtisadi və Sosial İslahatlar Mərkəzinin rəhbəri Vüqar Bayramov idxal olunan taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiq edilməsinin qiymətlərə təsir edəcəyi qənaətindədir. Onun sözlərinə görə, indiki şəraitdə buğda və taxıl məhsullarına ƏDV-nin tətbiqi arzuolunan deyil. Bunun isə bir neçə səbəbi var və ən əsası odur ki, ölkədə taxıl istehsalının aşağı düşmə tempi hələ davam edir: “Bu il də Azərbaycanda taxıl istehsalının azalacağı gözlənilir. Ona görə də bu şəraitdə əlavə dəyər vergisinin yenidən tətbiqi səhv qərardır. Bu qərardan sonra ölkədə taxıl məhsullarının bahalaşacağı qaçılmazdır”.
Vüqar Bayramov hesab edir ki, əslində Nazirlər Kabineti ölkəyə gətirilən taxıl məhsullarına güzəşt müddətinin tətbiqi ilə bağlı yox, onların bütövlükdə əlavə dəyər vergisindən azad edilməsi istiqamətində qərar qəbul etməli idi. Onun sözlərinə görə, son illər bir qayda olaraq, payız və yaz aylarında ölkədə taxıl qıtlığı müşahidə olunur. Bu isə həm un istehsalçılarının, həm də çörəkbişirmə kombinatlarının qiymətləri bahalaşdırmasına şərait yaradır. Hətta hökumət inzibati metodlarla belə halların qarşısını almağa çalışsa da, çörəyin çəkisinin azalmasına qarşı tədbir görə bilmir.
“ƏDV-nin yenidən tətbiqindən sonra çörəyin qiyməti artımasa da, gizli inflyasiya baş verəcək. Çörək məhsullarının çəkisinin azaldılacaq. Sonrakı mərhələdə isə çörəyin qiymətinin qaldırılması üçün sahibkarların əlində ciddi əsaslar olacaq. Özü də bu əsaslar süni yaradılan ajiotaj və bəhanələr deyil, real iqtisadi vəziyyətlə izah olunacaq” – deyə, ekspert əlavə edib.
Yeri gəlmişkən, bəzi dairələrdə hökumətin taxıla ƏDV-nin yenidən tətbiq etməsi büdcəyə əlavə vəsait qazandırmaq istəyi ilə izah edilir. Vüqar Bayramov isə bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə, xaricdən taxıl məhsullarının idxalından dövlət büdcəsinə daxil olan vergilər çox kiçikdir: “Hətta bu vəsait büdcə gəlirlərinin heç 0,0001 faizi də deyil. Bu səbəbdən də taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiqi dövlət büdcəsinin imkanlarının yaxşılaşdırılması kimi qiymətləndirilə biməz”.
Mövsümi dəyişkənlik
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-alim Oqtay Haqverdiyev isə taxıla ƏDV-nin yenidən tətbiqini mövsümi dəyişkənlik kimi dəyərləndirir. Onun sözlərinə görə, bu qərar daha çox yerli fermerlərə yönəlib. Çünki yerli taxıl istehsalçıları məhsulu lazımi vaxtda və normal qiymətə sata bilmir və nəticədə ölkədə taxılçılığa maraq azalır. Hökumətin taxıl biçini ərəfəsində belə bir qərar verməsi isə əslində fermerləri istehsal etdikləri məhsulu sata bilməmək təhlükəsindən xilas edir.
Bununla belə, iqtisadçı-alim ölkədə taxıl istehsalının artırılması üçün başqa üsullardan istifadə edilməsinin tərəfdarıdır. Onun fikrincə, hər şeydən əvvəl kənd təsərrüfatında ciddi struktur islahatları aparılmalıdır: “Böyük islahatlar aparılmalı və yerlərdə buna hökumət tərəfindən dəstək təmin edilməlidir”.
Kənd Təsərrüfatı Nazirliyində isə bildirirlər ki, ölkəyə gətirilən taxılın ƏDV-yə cəlb olunması unun və çörəyin qiymətinin bahalaşmasına gətirib çıxarmayacaq. Nazirliyin idarə rəisi Sabir Vəliyev Lent.az-a açıqlamasında deyib ki, ölkəyə gətirilən taxıl məhsullarına ƏDV-nin tətbiq olunması ilk növbədə daxili bazarın qorunması və fermerlərimizin istehsal etdiyi məhsulun satışına daha yaxşı şərait yaratmaq üçün atılmış bir addımdır: “Bu o deməkdir ki, ölkəmizə xaricdən gətiriləcək buğda və buğda ununun qiyməti 20 faiz bahalaşacaq. Daxili bazar bundan qazanacaq, fermerlər əlavə stimul yaranacaq. Amma ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV-nin cəlb edilməsi ölkədəki taxıl ehtiyatına mənfi mənada təsir göstərməyəcək”.
Sabir Vəliyev bildirib ki, taxıl idxalının əlavə dəyər vergisindən azad olunması yerli fermerlər üçün əlavə problemlər yaradır. Belə ki, fermerlərin istehsal etdikləri məhsulun öz tələbatlarından artıq hissəsini sata bilmir. Bu səbəbdən də hökumət vəziyyətdən çıxış yollarından biri kimi idxal olunan taxıla ƏDV-nin tətbiq olunmasını görüb. Onun sözlərinə görə, ötən il ölkədə 2,1 milyon tona yaxın taxıl yığılıb. Ancaq bu məhsulun bir hissəsi hələ də anbarlarda satılmamış qalır: “Kəndlilər məhsulu sata bilmədiklərindən əkin sahələrinə əlavə vəsait ayırmaqda çətinlik çəkir. Əlverişli hava şəraiti, əkin sahələrinin vəziyyəti bu mövsümdə də bol taxıl olacağını göstərir. Amma buğdanın qiymətinin aşağı düşməsi torpaq sahibləri üçün müəyyən problemlər yaradıb”.
Çətinlik yaransa...
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri istehsal etdikləri məhsulu sata bilməyən fermerlərin də üzləşdiyi problemin həlli istiqamətində tədbirlər görüləcəyini bildirirlər. Sabir Vəliyev deyir ki, yeni hazırlanan qaydalara görə, şəxsi təsərrüfatlarda fermerlərin öz tələbatlarından artıq qalan taxılı dövlət onlardan pulla alacaq. Alınan taxıl isə ehtiyat üçün dövlətin nəzarətində olan anbarlarda saxlanılacaq. Digər tərəfdən əlavə dəyər vergisi yenidən tətbiqi nəticəsində idxal olunan taxılın həcmi azaldılacaq və fermerlər istehsal etdikləri məhsulu rahat şəkildə sata biləcəklər.
Dünya miqyasında isə ərzaq məhsullarının istehsalına çəkilən xərclərin artması ilə bağlı bədbin proqnozlar hələ qüvvəsindədir. Beynəlxalq Ərzaq Təşkilatı (FAO) belə bir bəyanat yayıb ki, dünyada əhalinin artım tempinə uyğun olaraq, ərzaq istehsalının da həcmi artırılmalıdır. Amma problem ondadır ki, artım prosesində kənd təsərrüfatının inkişaf sürəti zəifləyəcək. Hesablamalara görə, 2020-ci ilədək artım sürəti 1,7 faiz təşkil edəcək. Halbuki, əvvəlki onillikdə bu rəqəm 2,6 faiz olub. Beynəlxalq dəyərləndirmələrə görə, bunun səbəbi təbii resursların tükənməsi, iqlim dəyişikliyi və kənd təsərrüfatı məhsullarından bioyanacaq üçün xammal kimi istifadə olunmasıdır. Bütün bunlar qiymətlərin bahalaşması üçün ciddi əsaslar yaradır, qarşıdakı 10 il ərzində taxılın qiyməti orta hesabla 20 faiz, ətin qiyməti isə 30 faiz arta bilər.
Sabir Vəliyev etiraf edir ki, dünya bazarında baş verənlər Azərbaycana da təsirsiz ötüşmür. Çünki ölkəmiz ərzaq məhsullarına olan tələbatı tamamilə daxili istehsal hesabına ödəyə bilmir. İdarə rəisi belə məqamlarda ölkədə 50 kiloqramlıq un kisəsinin qiymətinin 22-23 manatadək bahalaşdığını da xatırladır. Ancaq Sabir Vəliyev deyir ki, hətta çətin şəraitdə belə, ölkədə çörəyin qiymətinin sabit saxlanması və süni qiymət artımına imkan verməmək üçün Fövqəladə Hallar Nazirliyinin Taxıl Fondunun ehtiyatlarından dəyirmanlara ucuz qiymətə taxıl satılır. Qiymətlər isə elə hesablanır ki, burda əldə edilən unun satış qiyməti 50 kiloqramlıq kisələr üçün 18-19 manatdan yuxarı olmasın: “Çətinlik yaransa, Taxıl Fondunun imkanlarından yenə də istifadə edəcəyik. Ona görə də biz çalışmalıyıq ki, Taxıl Ehtiyatı Fondunda mümkün qədər çox məhsul toplansın”.
Ekspertlər isə aclıq və bahalıq təhlükəsindən xilas olmağın yeganə yolunu taxıl istehsalının artırılması və fermerlərə yeni güzəştlərin tətbiq olunmasında görürlər. Həmçinin, ərzaq məhsullarının istehsalı üçün fermerlərə verilən subsidiyaların artırılması tövsiyə olunur. Mütəxəssislər hesab edir ki, kənd təsərrüfatı məhsullarının qonşu ölkələrə ixracı stimullaşdırılmasa, aqrar sektordakı süni maneələr aradan qaldırılmasa, yoxsul və zəif inkişaf edən ölkələrdəki aclıq və bahalıq Azərbaycan üçün də başağrısına çevrilə bilər.
Eltac İsazadə

881