ARDNŞ benzinin keyfiyyəti ilə bağlı rəsmi məlumat yaydı
19 aprel 2011 18:48 (UTC +04:00)

ARDNŞ benzinin keyfiyyəti ilə bağlı rəsmi məlumat yaydı

Son illər ARDNŞ-in emal kompleksində istehsal edilən neft məhsullarının keyfiyyətinin artırılması, Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə mühüm tədbirlər görülür.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal olunur.


Bunun üçün zavodda əsasən 2 qurğudan – aşağı oktanlı ilkin emal benzin fraksiyasından yüksək oktanlı benzin – “platformat” istehsal edən katalitik riforminq və vakuum qazoyl komponentindən yüksək oktanlı benzin komponenti istehsal edən katalitik krekinq qurğularından istifadə olunur. İstehsal olunmuş bütün əmtəəlik benzinin 85-95 faizini katalitik riforminq və krekinq qurğularında alınmış yüksək oktanlı komponentlər təşkil etdiyindən 1996-cı ildən başlayaraq benzinin istehsalında ekoloji problem yaradan hər hansı əlavədən (etil mayesi və s.) istifadə olunmur.


Benzinin növlər üzrə istehsalı da ildən-ilə yaxşılaşır. Belə ki, 1996-cı ildə istehsal olunmuş avtomobil benzininin 49,7 faizi A-92 və A-95 markalı benzinlər təşkil etdiyi halda, 1999-cu ildə həmin məhsulların istehsalı 69,3 faizədək yüksəlib. Nisbətən aşağı keyfiyyətə malik A-76 markalı benzinin istehsalı isə əksinə, 50,3 faizdən 30,7 faizə endirilib. 1997-ci ildən başlayaraq digər yanacaq növləri ilə bərabər, avtomobil benzinlərinə tələbat da yüksəlib. Bunu nəzərə alaraq, BNEZ-də xam neftdən səmərəli istifadə etmək məqsədi ilə neftin ağır fraksiyalarından benzin komponentinin istehsalı məsələsinə diqqət daha da artırılıb. Nəticədə zavodda neftin ağır fraksiyalarından benzin komponenti istehsal edən təkrar emal qurğularının gücündən istifadə göstəricisi 1999-cu ilə nisbətən 2005-ci ildə 3 dəfə, 2010-cu ildə isə 6,5 dəfə artırılıb. Bununla da katalitik krekinq qurğusunda istehsal olunmuş benzin komponentinin həcmi 2000-ci illərin əvvəllərinə nisbətən 3,4 dəfə yüksəlib.


Hazırda ARDNŞ-nin emal kompleksində istehsal olunan benzinlər “Avro-2” standartının tələblərinə tam uyğundur və onların 84 faizi daxili bazara, 16 faizi isə xaricə ixrac olunur. Yaxın vaxtlarda respublikada “Avro-3” standartının tətbiqi ilə əlaqədar Heydər Əliyev adına BNEZ-in benzin istehsalı qurğularında modernləşdirmə işlərinin aparılması məqsədilə dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılır. Hazırda iqtisadi əsaslandırması aparılan Yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi inşa olunduqdan sonra ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq.
# 1020

Oxşar yazılar