Torpaqların konsolidasiyası: mümkün və vacib məsələ - TƏHLİL
02 aprel 2011 18:23 (UTC +04:00)

Torpaqların konsolidasiyası: mümkün və vacib məsələ - TƏHLİL

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev 1993-cü il iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda ölkədə iqtisadi vəziyyət olduqca ağır idi. Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuşdu, ərazisinin böyük bir hissəsi qəsb edilmişdi, nizami qoşun hissələri isə yox dərəcəsində idi. Belə bir vəziyyətdə ölkə qonşu düşmən dövlətlə üz-üzə qalmışdı.

Heydər Əliyev tarixin belə sərt məqamında nədən və necə başlamağı yaxşı bilirdi. Bilirdi ki, hərbi sahədə dönüş yaratmaq üçün birinci növbədə atəşkəsə nail olmaq, ölkəyə nəfəsini dərməyə imkan yaratmaq, ərzaq və döyüş sursatı tədarük etmək, beynəlxalq aləmdə informasiya blokadasını yarmaq, xaricdən siyasi və maliyyə dəstəyi almaq lazımdır.

Təcrübəli dövlət xadimi atəşkəs rejiminə nail olub ölkəni hərc-mərclikdən, bütövlükdə, dağılmaq təhlükəsindən xilas etdikdən sonra dərhal siyasi və iqtisadi sahədə quruculuq işlərinə başladı. Böyük strateq olan Heydər Əliyev vaxtın nə qədər az olduğunu və bu vaxtdan nə qədər məhsuldar, yaradıcı istifadə edilməsinin vacibliyini yaxşı başa düşürdü. Heydər Əliyev deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".

Bir gün, bir saat belə olsun, ordu quruculuğu məsələsini unutmayan ulu öndər, eyni zamanda, yaranacaq ordunun silah və sursatla, ərzaqla, geyimlə təmin edilməsinin ancaq iqtisadi islahatlar vasitəsi ilə formalaşan dövlət büdcəsi hesabına mümkün olacağını bilirdi. Amma dövlət vəsaiti təkcə ordu yaratmağa deyil, digər sahələrə də lazım idi. Xəzinə isə boş idi. Dövlət sektorunda işləyənlərin maaşları, pensiyalar vaxtlı-vaxtında verilmirdi. Kənd təsərrüfatı məhsullarının istehsalı get-gedə aşağı düşürdü, ölkəyə, demək olar, bütün ərzaq məhsulları yaxın və uzaq ölkələrdən idxal olunurdu. Çünki kolxoz və sovxozlar dağıdılmış, kənd təsərrüfatı məhsulları emalı müəssisələrinə məxsus qurğular, avadanlıqlar sökülüb metallom adı altında xaricə satılmışdı. Beləliklə, ölkəni və ordunu ərzaq məhsulları ilə təmin etmək məsələsi dövlət quruculuğu qarşısında duran ən çətin problemlərdən birinə çevrilmişdi.

Böyük və çətin bir proses olan aqrar islahatları aparmaq üçün isə nə müvafiq qanunvericilik bazası, nə də ki lazımi təcrübə var idi. Ona görə də Heydər Əliyev bu işə böyük ehtiyatla və həssaslıqla yanaşırdı. Belə çətin bir işin öhdəsindən gəlmək üçün onun köməyinə Azərbaycana birinci rəhbərliyi zamanı aqrar sahənin inkişafı istiqamətində əldə edilmiş müsbət təcrübə çatdı. Heydər Əliyev Azərbaycan torpaqlarını, bu torpaqların istehsal gücünü yaxşı bilirdi.

1995-ci ilin fevral ayında aqrar islahatların aparılması üçün 2 qanun qəbul edildi. Növbə torpaq islahatının idi. Qeyd etmək lazımdır ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Gal və Şurut kəndlərində torpaq islahatı aparılmış, torpaqlar kəndlilərə pulsuz olaraq paylanmış və nəticədə kənd təsərrüfatı məhsulları istehsalında müsbət nəticələr əldə edilmişdi.

Heydər Əliyev hələ torpaq islahatı başlanana qədər çıxışlarında əsaslandırdığı dəlilləri ilə torpaqların həm özəlləşdirilməsinə şübhə ilə yanaşanları, onun öz sözləri ilə desək, "mühafizəkarları", həm də özünü daha çox islahatçı kimi göstərmək istəyənləri xəbərdar edirdi ki, torpaqları özəlləşdirməyin və Konstitusiyada təsbit edildiyi kimi, 3 mülkiyyət formasına bölməyin vaxtı çatmışdır. Lakin bunları ağrısız və zərərsiz etmək üçün olduqca ehtiyatlı siyasət aparmaq lazımdır.

1996-cı il iyunun 24-də ölkədə aqrar islahatların vəziyyətinə və "Torpaq islahatı haqqında" qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə açan ulu öndər dedi: "Bilirsiniz ki, 1995-ci ilin fevral ayında biz aqrar bölmədə islahatlar haqqında iki qanun qəbul etmişik və bu qanunların həyata keçirilməsini, onların icrasını təmin etmək üçün xüsusi komissiya təşkil etmişik. Eyni zamanda, aqrar islahatları geniş miqyasda aparmaq üçün bu müddətdə bir neçə dəfə görüşlər keçirilib, müzakirələr aparılıb. Biz ayrı-ayrı ölkələrdə, xüsusən, Müstəqil Dövlətlər Birliyinə mənsub olan ölkələrdə aqrar islahatların aparılması ilə əlaqədar təcrübə ilə tanış olmaq üçün bəzi tədbirlər həyata keçirmişik".

Heydər Əliyev dövlətin inkişafı ilə bağlı siyasi və iqtisadi baxışlarında ardıcıl idi. O, hər hansı sahədə aparılacaq islahatın əsaslarını uzun müddət öyrənir, dünya ölkələrində mövcud olan müsbət və mənfi təcrübəni diqqətlə araşdırır, məsləhətləşmələr aparır, təcrübəni saf-cürük edir, nəticə barədə dəqiq qənaətə gəldikdən sonra real işə keçirdi. Aqrar islahatlar, onun əsas tərkib hissəsi olan torpaq islahatı da respublika üçün həyat əhəmiyyətli bir məsələ idi. Bu baxımdan hamıdan çox narahatlıq keçirən də məhz Heydər Əliyev idi. Lakin ümummilli lider islahatdan başqa yol görmürdü. Ulu öndər həmin müşavirədə demişdi: "Bir şey hamıya aydın olmalıdır, mən bunu dəfələrlə bəyan etmişəm və bu gün də deyirəm ki, iqtisadiyyatın bugünü və gələcəyi yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Yolumuz budur, başqa yol yoxdur".
Ümummilli lider torpaq islahatının əhali üçün daha anlaşılan olması üçün onu ictimailəşdirirdi. O, çıxışlarında, nitqlərində Azərbaycanda torpaq məsələlərinin tarixin müxtəlif mərhələlərində, müxtəlif ictimai-siyasi quruluşlar dövründə müxtəlif olduğunu xatırladırdı. Ulu öndər əhaliyə 1861-ci ildə çar Rusiyasında baş verən təhkimçilik hüququnun ləğvini və torpaq islahatını, Azərbaycanda torpaq üzərində mülkiyyət münasibətlərinin inqilabdan əvvəlki vəziyyətini, kollektivləşmə zamanı kəndlilərin torpaqlarının əllərindən alınaraq kolxozlarda birləşdirilməsini və bunun zorakı yolla edilməsini xatırlatmaqla yanaşı, həmin dövrlərdə torpaq üzərində mülkiyyət formalarının mənfi və müsbət tərəflərini təhlil edirdi. Məhz bundan sonra Heydər Əliyev müstəqil Azərbaycanda gələcək torpaq islahatının əsas prinsiplərini göstərirdi: "Ancaq mən hesab edirəm ki, bir prinsip əsas götürülməlidir. Bu, ədalət prinsipidir. Sosial ədalət prinsipi".
Ümummilli lider sosial-ədalət prinsipi haqqında fikirlərini praqmatik bir siyasətçi kimi birbaşa istehsalla əlaqələndirirdi: "Zənnimcə, bunu bir də müzakirə etmək və düzgün qərara gəlmək vacibdir. Yenə də deyirəm, biz gərək bu tədbiri, bu qanunu çox ədalətli tədbir, çox ədalətli qanun edək. O mənada ədalətli ki, əgər vaxtilə ədalətsizlik olubsa, kimlərinsə torpağını əlindən alıblarsa, kimləri isə öz mülkündən, öz əmlakından məhrum ediblərsə, biz ikinci dəfə bu islahatı apararkən gərək ədalətsizliyə yol verməyək. Bir daha qeyd edirəm, bizim bu tədbirimizin, yəni, islahatımızın, qəbul edəcəyimiz qanunun əsas məqsədi bundan ibarətdir ki, torpaqdan istifadənin səmərəsini artıraq. Torpağımız çoxdur. Əgər biz bu torpaqlardan səmərəli istifadə etsək, o torpaqlardan 70-ci illərdə aldığımız məhsuldan da xeyli artıq məhsul əldə edə bilərik. Bütün tarix də bunu göstərdi ki, torpaqlardan yalnız o halda səmərəli istifadə etmək olar ki, bu torpaq kiminsə mülkü olsun, o buna şəxsi mülk kimi baxsın və ondan çox mənfəət götürməyə çalışsın. O, torpaqdan çox mənfəət götürdükdə, deməli, istehsalı artıracaqdır. Özü də mənfəət götürəcək, ümumi istehsalı da artıracaqdır. Bizim isə indi ümumi istehsalı artırmağımızın yolu sahibkarlığı, xüsusi mülkiyyətçiliyi artırmaq yoludur. Biz həm aqrar sektorda, həm sənaye sektorunda, həm də iqtisadiyyatın başqa sektorlarında bu yolla gedəcəyik".
Ümumiyyətlə, həmin müşavirədə ümummilli lider gələcək torpaq münasibətlərinin bir çox aspektlərinə toxunmuşdur. Onlardan biri də islahatdan sonra torpaq mülkiyyətçiləri, torpaq istifadəçiləri və icarəçiləri arasında yarana biləcək yeni təsərrüfatçılıq formaları, başqa sözlə, torpaq-hüquq və torpaq-istehsal münasibətləri idi ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Avropada bu məsələ hələ də aktual olaraq qalır. Heydər Əliyevin çıxışlarından məlum olur ki, o, bu sahədə də olduqca məlumatlı idi. Heydər Əliyev həmin problemi hələ 10-15 il bundan əvvəl görərək adı çəkilən müşavirədəki çıxışında demişdi: "Burada bəziləri belə fikir söylədilər ki, torpağı, məsələn, hamıya paylayanda hamının torpaqdan istifadə etməyə imkanı olmayacaqdır. Yəni, biri sadəcə olaraq torpaq alacaq, lakin görəcək ki, ondan istifadə edə bilmir. Biri başqa işlə məşğuldur, torpaq payını alır, amma bu işə baş qatmaq istəmir, çünki onun başqa işi var. Buna görə də o, torpağı ya qohumuna verəcək, ya satacaq, ya da icarəyə verəcəkdir. Bunların hamısı olacaqdır. Torpaq islahatından sonra bir proses - təmərküzləşmə prosesi gedəcəkdir. Bəli, bu proses, şübhəsiz, gedəcəkdir. O şəxslər, o mülkiyyətçilər, yaxud torpağa bağlı olacaq, torpaqdan səmərəli istifadə edə biləcək ailələr bu işlə məşğul olacaqlar və onların ətrafında o xırda torpaq sahibləri də bəlkə birləşəcəklər. Amma bu, prosesin ikinci mərhələsidir. Bu, artıq təbii, obyektiv proses olacaqdır".

Və bu gün artıq həmin ikinci mərhələ obyektiv prosesin nəticəsi kimi yetişmişdir. Bir çox regionlarımızda torpaq sahələri iri massivlər şəkilində dren-kollektor şəbəkəsi ilə əhatə olunsa da, bəzi yerlərdə xırda və səpələnmiş torpaq sahələri çoxluq təşkil edir ki, onların da əkilib-becərilməsi, həmin ərazilərdə aqrotexniki qaydalara əməl edilməsi, suvarma-drenaj işlərinin aparılması, torpaqların münbitləşdirilməsi sahəsində tədbirlərin görülməsi problem yaradır. Nəticədə məhsuldarlıq aşağı düşür, çəkilən xərclər qazancı üstələdiyindən istehsala maraq azalır. Bəzən torpaq sahəsinin konfiqurativ quruluşunun təbii-coğrafi şəraitdən asılı olaraq əkin-biçin üçün əlverişli olmaması da problemlər əmələ gətirir.

Belə vəziyyətdə tam könüllülük əsasında birləşərək birgə təsərrüfat formasında kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq, əkində növbəlilik prinsipinə əməl etmək, bazar iqtisadiyyatına uyğun planlı sistem qurmaq və mənfəətin pay bölgüsünü mövcud qanunvericiliyə uyğun tənzimləmək nəinki mümkün və hətta vacibdir.
Elə bu gün Avropanın bir sıra ölkələrində torpaqların konsolidasiyasını aktual edən səbəblər də bunlardır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2005-ci ildə "Mərkəzi və Şərqi Avropada torpaq konsolidasiyasının eksperimental layihələri" metodikasını hazırlamışdır. Həmin metodikanın "Torpaqların konsolidasiyası nə deməkdir" bölməsində torpaq konsolidasiyasının ilk təşəbbüsünün hələ 1757-ci ildə Danimarkada qalxdığı qeyd edilir. Göründüyü kimi, Avropada torpaq konsolidasiyasının tarixi çox qədimdir. Yeri gəlmişkən, bu olduqca çox müfəssəl və irihəcmli sənəddə torpaq konsolidasiyasının müxtəlif dövlətlərdə həmin ölkənin qanunvericilik sistemindən, milli xüsusiyyətlərindən asılı olaraq müxtəlif hüquqi və texniki parametrlərdə həyata keçirilə biləcəyindən söhbət açılır və tövsiyələr verilir.

Torpaqların konsolidasiyası Avropada hər ölkənin öz qanunvericiliyi ilə müəyyən edilir. Məsələn, Norveçdə bu məsələ ilə əlaqədar qanunvericilik aktı 1821-ci ildə qəbul olunub. 1859-cu ildə isə torpaqların konsolidasiyası xidməti yaradılıb. Nəticədə, 2000-ci ilin məlumatına görə, Norveçdə 72 min 426 hektar torpaq sahəsi konsolidasiya edilmişdir. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinin məlumatlarına əsasən, Avropada 38 milyon hektar torpaq sahəsi könüllülük əsasında birləşdirilmiş, yeni təsərrüfatçılıq forması yaradılmışdır. Bəzi Avropa ölkələrində bu prosesdə dövlətin icra strukturları bilavasitə iştirak edir, lakin sonralar idarəetmə ya assosiasiyalar və ya başqa cür adlandırılan idarəetmə orqanları tərəfindən yerinə yetirilir. Buna baxmayaraq, proqnozlara görə, hələ də 0,7 milyon hektar torpağın Niderlandda, 1,7 milyon hektar torpağın İspaniyada, 4,5 milyon hektar torpağın Portuqaliyada, 1,5 milyon hektar torpağın Polşada, 7,4 milyon hektar torpağın Fransada, 3 milyon hektar meşə fondu torpaqlarının İsveçdə konsolidasiya edilməsinə ehtiyac var.

Avropada torpaq konsolidasiyası prosesi 2 sistem üzrə həyata keçirilir: "Kadastr topoqrafiyası modeli" və "Komitə modeli". Avstriyada, Finlandiyada, Almaniyada, İsveçdə birinci sistemdən istifadə olunur və torpaq sahələrinin birləşdirilməsini həyata keçirən qurumlar kadastr mütəxəssislərinin, topoqrafların əməyindən istifadə edirlər. "Komitə" modelindən isə Belçika, Fransa, Niderland, Portuqaliya, İsveçrə kimi ölkələrdə istifadə olunur. Bu sistemdə bütün məsuliyyət dövlət orqanları tərəfindən yaradılmış torpaq konsolidasiyası orqanlarının və onların regional şöbələrinin üzərinə düşür. Almaniya, Niderland kimi ölkələrdə torpaq konsolidasiyası regional kənd təsərrüfatının inkişafı proqramının tərkib hissələri kimi nəzərdə tutulsa da, bəzilərində (Danimarka, Finlandiya, Norveç, İsveç) bu məsələ belə proqramlardan kənarda icra olunur.
Torpaq konsolidasiyası prosesi 3 mərhələdə həyata keçirilir: hazırlıq, inventarizasiya və planlaşdırma, layihənin həyata keçirilməsi mərhələləri. Konsolidasiya planı adətən, bu prinsipləri özündə birləşdirir: torpaq sahələrinin yeni dislokasiyası; torpaqları birləşdiriləcək sahibkarların birliklərinin yaradılması və ictimaiyyətin nümayəndələrinin ora daxil edilməsi; təbiəti mühafizə məqsədilə torpaq sahələrinin ayrılması; servitutlar və uzufruktlar (özgə mülkiyyətindən məhdud istifadə edən şəxslərin hüquqları) haqqında məlumatlar; konsolidasiya müqaviləsinin müddəti və mülkiyyət sahiblərinin hüquqlarının tənzimlənməsi haqqında təlimat.

Torpaq sahələrinin konsolidasiyası layihələri ölkə qanunvericiliyinin xüsusiyyətlərindən asılı olaraq assosiasiyalar, torpaq konsolidasiyası orqanları, bu məqsəd üçün yaradılmış və ictimaiyyətin nəzarəti altında olan ictimai komitələr, torpaq istifadəçiləri kooperativləri tərəfindən həyata keçirilir. Bütün hallarda tərəflərin fikri və razılığı əsas götürülür. Bəzi ölkələrdə bu proses 2-4, bəzilərində 5-7, hətta 10-15 il çəkir.

Bu layihələrin hazırlanması və həyata keçirilməsi ilə bir sıra ölkələrdə dövlət idarəetmə institutları, digərlərində isə özəl şirkətlər məşğul olur və ardıcıllıqla aşağıdakı tədbirlər həyata keçirilir: əmlakın bölünməsi (Supdivision); əmlakın yenidən təşkili (Transformation); yeni yaranacaq torpaq sahələrinin planlaşdırılması (Reallotment); torpaq mülkiyyətçilərinin müəyyənləşdirilməsi (Real Property Formation); sərhədlərin müəyyən edilməsi (Delimitation); sərhədlərin yerdə (naturada) müəyyən edilməsi (Demarcation); yeniləşdirilmiş (yenidən təşkil olunmuş) torpaq sahələrində yerquruluşu işlərinin aparılması (Land acquisition).

Torpaqların, o cümlədən adda-budda, səpələnmiş, az məhsuldar sahələrin daha məhsuldar ərazilərlə birləşdirilməsi zamanı torpaq kadastr işləri aparılır, torpaqların strukturu, keyfiyyəti öyrənilir, kimin torpaq sahəsinin daha əlverişli olması müəyyənləşdirilir, ölkədə mövcud olan torpaq qanunvericiliyinə uyğun kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən edilir, birləşdirilən torpaq sahələrinin iqtisadi və fiziki qiymətləndirilməsi prosesi həyata keçirilir və onlar birləşmə üçün sənəd paketinə daxil edilərək razılaşma üçün əsas sənədlərə əlavə olunur.

Torpaqların konsolidasiyası müəyyən xərclər tələb edir. Bu xərclər 2 qrupa bölünür. Bunlardan birincisi prosedur qaydalarının hazırlanmasına çəkilən xərclərdir ki, buraya əməkhaqları, assosiasiyaların və ya digər təşkilatçı qrupların işləməsi üçün binaların və geodeziya ölçmə cihazlarının icarə haqları daxildir. İkinci, bilavasitə layihənin icrasına çəkilən xərclərdir.

Bəzi ölkələrdə fermerlərin konsolidasiyaya getmə istəyi olsa da, xərcləri ödəmək imkanı olmadığından dövlət institutları və ya xarici donor təşkilatlar onların maliyyələşdirilməsini təmin edirlər. Torpaq sahibləri bu məqsəd üçün aldıqları subsidiyaları gələcək illərdə hissələrlə ödəyirlər ki, bu da qanunvericiliklə tənzimlənir.

Ölkənin ərzaq təhlükəsizliyi məsələsi dövlətin iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olmasının vacibliyini dövlət başçısı Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, eləcə də regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha qeyd etmişdir. Prezident Nazirlər Kabinetinin iclasındakı nitqində kiçik torpaq sahələrinin tam könüllülük əsasında birləşdirilərək iri fermer təsərrüfatlarının yaradılması məsələsinə toxunaraq demişdir: "Böyük fermer təsərrüfatının yaradılması üçün müəyyən addımlar atıla bilər. Çünki Azərbaycanda torpaq islahatı aparılmışdır, hesab edirəm ki, Azərbaycan bu sahədə MDB məkanında qabaqcıl yerlərdədir, ən mütərəqqi islahatlar aparılmışdır. Ancaq bununla bərabər, hələ istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülməlidir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktur, təchizat məsələləri həll olunmalıdır. Yəqin ki, tender prinsipi əsasında sahibkarlar öz təkliflərini verməlidirlər və o təkliflərə baxılmalıdır. Ondan sonra dövlət yenə də öz maliyyə imkanlarından istifadə edib böyük taxılçılıq təsərrüfatlarının yaradılması üçün maliyyə dəstəyini də göstərəcəkdir. Biz bunu etməliyik, çünki ola bilsin ki, böyük fermer təsərrüfatlarının yaradılması üçün sahibkarlarda kifayət qədər vəsait olmasın. Dövlət ayrıca maddə ilə bu sahələrə uzunmüddətli, güzəştli şərtlərlə kreditlər ayırmalıdır. Ona görə də 2011-ci ildə, ilk növbədə, bu məqsədlər üçün istifadə olunacaq yerlər müəyyən edilməlidir, onların müəyyən hissəsini biz bilirik və dəqiqləşdirilməlidir. Mexanizm işlənib hazırlanmalıdır ki, il ərzində biz artıq bu prosesə təkan verək."

Gülhüseyn KAZIMOV,
filologiya elmləri üzrə fəlsəfə doktoru

(yazı “Azərbaycan” qəzetindən götürülüb)
# 1441

Oxşar yazılar