Artıq hesablanmış 1889 manat enerji borcu silinib
02 mart 2011 18:53 (UTC +04:00)

Artıq hesablanmış 1889 manat enerji borcu silinib

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin həyata keçirdiyi “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsi çərçivəsində 100-dən çox vətəndaşa hüquqi yardım göstərilib

Şəbəkədən Lent.az-a verilən məlumata görə, vətəndaşların bir qismi layihə ekspertlərinin əməli yardımlarından da bəhrələnib. Belə ki, layihənin eksperti Ələkbər Ağasiyev istehlakçının enerji hesabında qeyri-qanuni olaraq artıq hesablanmış 1889 manat miqdarında borcun silinməsinə nail olub. Digər şikayət ərizəsi üzrə isə iddia ərizəsi hazırlanaraq Nərimanov Rayon Məhkəməsinə təqdim edilib və icraata götürülüb.

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin təhlili göstərir ki, hər üç xidmət üzrə daha çox sayğacların quraşdırılması, yararsız vəziyyətdə olan sayğacların dəyişdirilməsi, vətəndaşlara istehlak etdikləri elektrik enerjisinin və təbii qazın dəyərindən artıq borc yazılması, qeyri-yaşayış sahələrinə su verilməsi ilə bağlı sayğac qoyulması, kollektiv şəkildə elektrik enerjisinin kəsilməsi, təchizatçı idarələrə vətəndaşların müraciətlərinə cavab verilməməsi ilə bağlı problemlər mövcuddur. Xüsusilə qeyd olunmalıdır ki, hər üç xidmət üzrə nəzarətçilərin poçt şöbələrindən alınmış qəbzləri təqdim edərək yenə-yenə qapı-qapı gəzərək ödəniş haqlarını yığması halları davam edir.

Xatırladaq ki, Açıq-Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində kommunal xidmət istehlakçılarına hüquqi yardım məqsədilə www. istehlakci.az saytı yaradılıb. Martın 2-ə olan məlumata görə, bu sayta gündəlik olaraq yüzlərlə vətəndaş daxil olur. İndiyədək saytın pulsuz hüquqi yardım bölməsinə 1400-dən çox vətəndaş daxil olaraq pulsuz hüquqi yardım göstərilməsi qaydaları ilə tanış olublar.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi “Azərsu” ASC, “Azəriqaz” İB, “Bakıelektrikşəbəkə” ASC və “Azərenerji” ASC-ni onlara ünvanlanmış informasiya sorğularına cavab vermədiyinə görə məhkəməyə verməyi nəzərdə tutur. Bu qurumlara informasiya sorğusu bir ay əvvəl - fevralın 3-də təqdim edilsə də, indiyədək hər hansı cavab verilməyib. Halbuki, qanunvericiliyə görə, onlar 7 iş günü ərzində sorğuçuya cavab verməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920

Oxşar yazılar