“İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı”
21 fevral 2011 15:42 (UTC +04:00)

“İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı”

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Azərbaycan” qəzeti və fondun birgə təşkilatçılığı ilə “İnkişafın Azərbaycan modeli” kitabının müzakirəsinə həsr olunmuş “İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı” mövzusunda dəyirmi masa keçirilib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov tədbirdəki çıxışında deyib ki, hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir: “Çünki sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə möhtəşəm nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Bu mənada sürətli tərəqqiyə can atan istənilən dövlətin qarşısında duran əsas məsələlərdən biri də maddi rifahın davamlı yüksəlişinə xidmət edən uğurlu sosial siyasətin həyata keçirilməsidir”.

DSMF sədri, iqtisad elmləri doktoru Səlim Müslümov isə bildirib ki, müasir mərhələdə hər bir ölkənin inkişaf modelinin uğuru qloballaşmanın diqtə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların əlaqələndirilməsindən birbaşa asılıdır: Onun sözlərinə görə, Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşıb, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlib.

“Tariximizin çətin və şərəfli mərhələsi olan keçid dövrünün sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və düzgün qurulmuş çoxşaxəli fəaliyyətin ətraflı təhlili ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə ərsəyə gələn “İnkişafın Azərbaycan modeli” kitabının ön sözündə qeyd edildiyi kimi “Bu həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir” – deyə, Səlim Müslümov əlavə edib.

Daha sonra “dəyirmi masa”da “Beynəlxalq standartlara əsaslanan islahatların aparılması sığorta-pensiya siyasətinin strateji istiqamətlərindəndir”, “Yeni iqtisadi münasibətlər sistemində sosial sığortanın təşkili”, “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi üzrə milli qanunvericiliyi beynəlxalq hüququn ümumi prinsip və normalarına uyğun formalaşmışdır”, “Azərbaycanın yeni sığorta-pensiya sistemi bazar iqtisadiyyatı şəraitində pensiyaçıların sosial müdafiəsini təmin edir” mövzularında məruzələr dinlənilib. Qoyulan mövzu ətraflı təhlil edilərək, bu istiqamətdə müzakirələr aparılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar