Məmməd Musayev: “Çoxillik bitkilər uzunmüddətli kreditlər tələb edir”
04 fevral 2011 12:44 (UTC +04:00)

Məmməd Musayev: “Çoxillik bitkilər uzunmüddətli kreditlər tələb edir”

Kənd təsərrüfatı sahəsi ilə məşğul olan sahibkarlara İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin həcmi 2011-ci ildə bir qədər genişləndiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu Aqrarkredit Səhmdar Kredit Təşkilatının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında söyləyib.


Məmməd Musayev deyib ki, Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq bu il xeyli intensivləşdiriləcək. Onun sözlərinə görə, kreditin müddəti də sahələr üzrə artırılacaq: “Məsələn, üzümçülük və çayçılığın inkişafına yönəldilən kredit vəsaitlərinin həm həcmi, həm də müddətinin artırılması ilə bağlı təkliflər hazırlanıb. Biz yaxın vaxtlarda bu barədə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edəcəyik. Çünki üzümçülük və çayçılıq, o cümlədən digər çoxillik bitkilər uzunmüddətli kreditlər tələb edir”.


Məmməd Musayev onu da qeyd edib ki, kənd təsərrüfatı sektorunda layihələr bu il də davam etdiriləcək: “2011-ci ildə müxtəlif regionlar üzrə kənd təsərrüfatına dair bir çox layihələr, o cümlədən “Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı” layihəsi davam etdiriləcək”.


Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963

Oxşar yazılar