Qiymətli kağız bazarı sahəsində maarifləndirmə gücləndiriləcək
04 avqust 2009 16:30 (UTC +04:00)

Qiymətli kağız bazarı sahəsində maarifləndirmə gücləndiriləcək

Bu məqsədlə jurnalistlər arasında müsabiqə də keçiriləcək

Bu gün Bakıda “Maliyyə bazarlarının inkişafında korporativ idarəetmənin rolu” mövzusunda seminar keçirilib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Beynəlxalq Maliyyə Korporasiyası birgə təşkil etdiyi seminarda korporativ idarəetmənin rolu ilə bağlı ictimaiyyətin maarifləndirilməsinə dair konsepsiya təqdim olunub.

Lent.az-ın məlumatına görə, həmin konsepsiyada korporativ idarəetməyə dair əhalinin məlumatlandırılmasında medianın rolunun artırılması da əks olunub. Belə ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə jurnalistlər arasında yazı müsabiqəsi təşkil etmək qərarına gəlib. Müsabiqənin məqsədi maliyyə bazarlarının inkişafında korporativ idarəetmənin roluna dair keyfiyyətli və peşəkar məlumatların hazırlanması yolu ilə ictimaiyyətin bu sahədə maarifləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, "Maliyyə bazarlarının inkişafında korporativ idarəetmənin rolu" mövzusunda keçiriləcək müsabiqədə I yerin qalibinə 700, II yerin qalibinə 500, III yerin qalibinə isə 300 manat mükafat veriləcək. Bundan başqa, növbəti 5 beş yeri tutan iştirakçılar sertifikatlarla təltif olunacaq. Şərtlərə əsasən, müsabiqədə iştirak üçün elektron və çap mətbuatının, habelə radio-televiziya verilişlərinin yazıları təqdim oluna bilər. Müsabiqəyə avqustun 4-dən sentyabrın 15-dək dərc olunmuş yazılar qəbul olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar