DəmirBank 2010-cu ilin nəticələrinə yekun vurdu
26 yanvar 2011 15:18 (UTC +04:00)

DəmirBank 2010-cu ilin nəticələrinə yekun vurdu

DəmirBank 2010-cu ildə ölkənin aparıcı bankları sırasında ilk onluqda mövqelərini gücləndirib. Bankın aktivləri il ərzində 28% artıb. Bankın nizamnamə kapitalı 20 mln. manat, məcmu kapitalı isə 48,8 mln. manat olub.

Bankın rebrendinqi ilə bağlı 2010-cu ildə TV reklam kampaniyası, vahid korporativ stilin təmin edilməsi üçün brend kitabın hazırlanması, filiallarda reklam-informasiya materiallarının yenilənməsi və bu kimi digər işlər həyata keçirilib. Bank 2010-cu ildə “Uğurlu Rebrendinq” nominasiyası üzrə “UĞUR” Mükafatına layiq görülüb.

2010-cu il Bankın kredit fəaliyyəti üçün də uğurlu olub. Bankın kredit məhsulları sırasına “Nağd pul krediti”, “Təhsil və səhiyyə işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Təqaüdçü krediti”, “Qızılla kredit” və digər yeni kreditlər əlavə olunmuşdur. Azərbaycan İpoteka Fondu ilə əməkdaşlıq edən DəmirBank həmçinin öz vəsaiti hesabına əhaliyə ipoteka kreditləri təqdim edib. Bankın kredit portfeli il ərzində 23,7% artaraq 246,2 mln. manat olub.

DəmirBank 2010-cu ildə hüquqi şəxslərə “Standart”, “Sərbəst” və “Ehtiyat” yeni depozit məhsullarını təqdim edib. Əmanətçilər arasında keçirilən “Yubiley” uduş kampaniyası 2010-cu ildə uğurla yekunlaşıb. Bankda əhalinin müddətli əmanətlərinin həcmi ilin sonuna 21% artaraq 85,6 mln. manat olub.

DəmirBank 2010-cu ildə “5 manata kart” və “Pulsuz kart” kampaniyalarına başlayıb. Bankda VISA Classic və MasterCard Standard kartlarının aylıq emissiyası 2,5 - 3 dəfə artıb. Kartlar üzrə həm də dövriyyə yüksəlib. Britaniya funt sterlinqi ilə kart, İnternet-Bank, kartların on-layn sifarişi və sair yeni imkanlar əhaliyə təqdim edilib.

2010-cu ildə pul köçürmələri üzrə DəmirBank bir sıra layihələr həyata keçirib: “Pul köçürən və alanlara Kontur kartı hədiyyə” kampaniyası, yeni qoşulmalar hesabına Bankda köçürmə sistemlərinin 8-dək artırılması, Rusiya rublu ilə köçürmələrin bərpası, “Çinə pul köçürmələri” aksiyası və digər işlər.

DəmirBank GoldenPay şirkəti ilə “Azərbaycanda Elektron Ticarət” layihəsi üzrə əhaliyə on-layn ödəniş xidmətləri təklif edib. Əhali www.demirbank.az saytında və Bankın filiallarında kommunal, stasionar və mobil rabitə, internet provayder, kabel televiziyası və sair xidmətlər üzrə ödənişlər həyata keçirə bilər.

2010-cu ildə DəmirBank “Ağsu” filialını istifadəyə vermişdir, “Bakıxanov” və “Qazax” filiallarını isə yeni ünvana köçürüb. Bank xidmət şəbəkəsinin optimallaşdırılması işlərini davam etdirir. Yeni ünvana köçürülən filiallar reklam-informasiya tərtibatı ilə yanaşı, həm də bütövlüklə yeni “Korporativ interyer tərtibat” qaydaları üzrə hazırlanır.

Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olan DəmirBank 2010-cu ildə beynəlxalq reytinqlərini saxlamışdır: Fitch Ratings agentliyinin “stabil” proqnozu ilə “B-“ və Planet Rating agentliyinin “pozitiv” proqnozu ilə “B+” reytinqləri. Bu reytinqlər ölkə bank sektorunda ən yüksək reytinqlərdəndir. Reytinq üzrə proqnozlar Bankın gələcək inkişafı ilə bağlı müsbət gözləntiləri əks etdirir.

DəmirBank 2010-cu ildə 33,6 mln. ABŞ dolları məbləğində beynəlxalq təşkilatlarla yeni müqavilələr imzalayıb və vəsaitlər cəlb edib. DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID və digər təşkilatlarla əməkdaşlıq edir.

DəmirBank Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlığı davam etdirir. Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu da qanunun şərtləri ilə əmanətlərin sığortalanmasını təmin edir.

DəmirBank institusional inkişaf və korporativ idarəetmənin inkişafı, əməliyyat mühitinin yaxşılaşdırılması, risklərin idarə edilməsi və daxili auditin inkişafı, kadr potensialının gücləndirilməsi və digər sahələrdə işlər həyata keçirir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyasının və digər təşkilatların texniki dəstəyindən də istifadə edilir.

2010-cu ildə DəmirBank “SAP for Banking” proqram təminatının tam paketinin tətbiqinə başlayıb. DəmirBank Azərbaycanda və Cənubi Qafqazda banklar arasında ilk dəfə “SAP for Banking” proqram təminatını tətbiq edəcək. Bu proqram Bankın fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan verəcək.

DəmirBank müştəri xidmətinin keyfiyyətini əsas prioritetlərdən biri hesab edir. Bu məqsədlə 2010-cu ildə Bankda “Müştəri xidməti və davranış Standartları” hazırlanmışdır, bu standartlar üzrə əməkdaşlara treninqlər və testlər keçirilib. Bank 2011-ci ildə bu sahədə səylərini daha da gücləndirəcək.

“Standard & Poors” beynəlxalq agentliyinin 2010-cu ildə Azərbaycan bank sektorunda “Korporativ İdarəetmə Standartları” sahəsində keçirdiyi araşdırmanın nəticələrinə əsasən DəmirBank şəffaflıq və məlumatların açıqlanması üzrə Azərbaycanda ilk 5 bank sırasında yerləşmişdir. Təsadüfi deyil ki, DəmirBank-ın İnternet səhifəsi 2010-cu ildə Azərbaycanda “Ən yaxşı korporativ sayt” nominasiyasında NETTY Mükafatına layiq görülüb.

2010-cu ildə DəmirBank “Korporativ Sosial Məsuliyyət Strategiyasını” hazırlayıb. Bu strategiya üzrə fəaliyyətin daha bir göstərici Bankın 2010-cu ildə “Gənclərin Dostu” və “Ekologiyanın Dostu” Mükafatlarına layiq görülməsidir.

Ölkənin ilk banklarından olan DəmirBank 2011-ci ildə fəaliyyətinin genişləndirilməsi, keyfiyyət və kəmiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirməyi nəzərdə tutur.

DəmirBank 2010-su ilin uğurlu yekunları ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkür edir və yeni uğurlar arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar