Yeni iri aqrar kompleksləri yaradılır
21 yanvar 2011 10:52 (UTC +04:00)

Yeni iri aqrar kompleksləri yaradılır

«APA-ECONOMICS»in məlumatına görə, artıq baş nazirin tapşırığı ilə Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK), Kənd Təsərrüfatı Nazirliyi (KTN) və «Azərbaycan Meliorasiya və Su Təsərrüfati» ASC-nin nümayəndələrindən ibarət Toxumçuluq təsərrüfatları üçün torpaqların müəyyən edilməsi üzrə Komissiya yaradılıb. DTXK-nin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi komissiya 2 həftə ərzində ölkə ərazisində aqrar kompleksinin yaradılması üçün yararlı olan torpaqları müəyyənləşdirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər verməlidir.


Kənd Təsərrüfatı Nazirliyi torpaqlara nəzarət şöbəsinin müdiri Qurbanəli Hüseynov «APA-ECONOMICS»ə bildirib ki, belə komplekslərin dövlətə məxsus qış otlaqlarında və asudə dövlət torpaq fondundan ayrılmış ərazilərdə yaradılması nəzərdə tutulur. Bu məqsədlə artıq komissiyanın tərkibindəki qruplar regionlara səfərə yollanıb. Topaqların müəyyənləşdirilməsi üzrə müzakirələrdə yerli icra hakimiyəti və müvafiq qurumların nümaynədələri də iştirak edəcəklər.


Artıq komplekslər üçün torpaqların əsasən hansı ərazilərdə axtarılacağı təqribən də olsa müəyyənləşdirilib: «Bura Qazax, Samux rayonları və Kür-Araz ovalığına daxil olan ərazilər aiddir. Ümumiyyətlə, Kür və Araz çayları keçən bütün rayonları əhatə edəcəyik».


Yeni komplekslər taxıl toxumçuluğu – toxumluq taxılın yetişdirilməsi ilə məşğul olacaq. Şöbə müdirinin sözlərinə görə, hazırda ölkədə bununla bağlı təsərrüfatlar olsa da, onlar kiçikdir və fermerlərin tələbatını tam ödəyə bilmir. Yeni komplekslərin yaradılması isə toxumluq taxıla tələbatı ödəməyə imkan verəcək. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, burada əldə ediləcək toxumluq taxılın gələcəkdə xaricə ixracı da mümkündür. Hələlik ölkədə 10-15 belə kompleksin yaradılması nəzərdə tutulur. Yeni toxumçuluq təsərrüfatlarının minimum bir neçə min hektar sahəsi olmalıdır.


Kompleksin ərazisində əkin sahələri ilə yanaşı zəruri infrastruktur, o cümlədən burada işləyənlər üçün yaşayış obyektləri olmalıdır. Seçiləcək ərazilər bir neçə tələblərə cavab verməlidir. Bunlardan ən vacibi bu ərazilərin hökmən meliorasiya baxımından əlverişli olması, yəni suvarıla bilən olmasıdır. Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə Azərbaycandakı torpaq sahələrinin ən böyük problemi suvarıla bilməsi ilə bağlıdır: «Suvarma üçün istifadə olunan su kütləsinin 60-70%-i respublikadan kənarda formalaşır. Buna görə də, meliorasiya məsələsi çox mühümdür, çünki bu sahə pul tutumlu sahədir. Ona görə də ilk növbədə torpaqlar bu baxımdan araşdırılacaq». İlkin qiymətləndirmələrə görə, bir təsərrüfatın yaradılması üçün torpaq sahəsinin meliorativ baxımdan yararlı hala gətirilməsi, yəni tam suvarma sistemi ilə təchiz olunması üçün bir neçə yüz milyon dollar, hətta milyard dollara qədər vəsait tələb olunur.


Bundan başqa, kompleksin yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri burada çalışa bilməlidir. Bunun üçün kompleks işçi qüvvəsinin çox olduğu yaşayış məntəqələrinin yaxınlığında yaradılmalıdır: «Məsələn, qaçqın şəhərciklərinin yaxınlığında da yaradıla bilər, burada işçi qüvvəsi çoxdur. Yəni, həm qaçqınlar işlə təmin olunar, həm də kompleks lazımi işçi qüvvəsini əldə edər». Bununla yanaşı, əgər yaxınlıqda yaşayış məntəqəsi yoxdursa, burada çalışanlar başqa ərazilərdən də gətirilə və burada yaşaya bilərlər. Və nəhayət, torpağın keyfiyyəti də yüksək olmalı, burada nəzərdə tutulacaq işlərin həyata keçirilməsi üçün tələblərə cavab verməlidir.


Torpaq və Xəritəçəkmə Komitəsinin mərkəzi aparatının rəhbəri Rafiq Süleymanov isə bildirib ki, bu torpaqlar müəyyən ediləndən sonra aqrar komplekslərin yaradılması üçün sahibkarlara uzunmüddətli güzəştli şərtlərlə icarəyə veriləcək, eyni zamanda dövlət həmin sahibkara subsidiyalar təqdim edəcək. Amma bundan əvvəl həmin ərazilərdə bütün lazımi meliorasiya tədbirləri görüləcək, ərazi bütün lazımi meliorativ və suvarma sistemləri ilə təmin ediləcək, drenaj-kollektor sistemləri qurulacaq: «Qanunvericiliyə görə, dövlət torpaqları heç bir halda özəl mülkiyyətə verilə bilməz, ona görə də dövlət bu torpağı istifadə üçün tam yararlı vəziyyətə gətirərək sahibkarlara uzunmüddətli və güzəştli icarəyə verəcək».


Qeyd edək ki, ərazilər müəyyənləşdiriləndən sonra burada komplekslərin yaradılması üçün tender elan olunacaq və sahibkarlar öz təkliflərini verəcəklər.
Belə komplekslərin yaradılması üçün tələb olunan vəsaitin bir hissəsini sahibkar özü qoymalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227

Oxşar yazılar