“Dərnəgül yolunda” bəzi obyektlər söküləcək
13 yanvar 2011 13:14 (UTC +04:00)

“Dərnəgül yolunda” bəzi obyektlər söküləcək

Yaxın vaxtlarda Bakı şəhərinin əsas avtonəqliyyat magistrallarından olan Ziya Bünyadov prospektinin (“Dərnəgül yolu”) yenidən qurulmasına başlanacaq. Bu barədə “APA-ECONOMICS”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Qeyd edək ki, Z.Bünyadov prospekti Bakının şimal istiqamətinə əsas çıxışını təmin edən magistrallardan biridir. Bu prospekt başlanğıcını Nəsimi rayonu ərazisindən, Alı Mustafayev, Rəşid Məmmədov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsindən (“Xutor dairəsi”) götürür və Böyük Şor yol qovşağınadək («M.Əzizbəyov» metro stansiyasının ətrafı) təqribən 9 km uzanır.

P.Mürsəliyevin sözlərinə görə, son zamandar həmin prospektdə hərəkət şiddətinin həddən artıq artması, ağır yüklü və sərnişin nəqliyyatının sayının çoxalması prospektin yenidən qurulması məsələsini gündəmə gətirib. Artıq yolun yenidən qurulması ilə bağlı layihələndirmə işləri aparılır.

Yenidənqurma işləri çərçivəsində prospekt üzərində 4 yeni yolötürücü qovşağı tikiləcək, bir qovşaq isə (“Çermet körpüsü” adlanan ərazidə) yenidən qurulacaq. Yeni qovşaqlardan biri yolun başlanğıcında – Nəsimi rayonu ərazisində A.Mustafayev, R.Məmmədov, A.Salamzadə küçələrinin Z.Bünyadov prospekti ilə kəsişdiyi yerdə (“Xutor dairəsi”) olacaq. İkinci qovşaq Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (“Xəqani Petrol” YDM-nin yanında), üçüncü qovşaq Z.Bünyadov prospektinin Böyük Şor küçəsi ilə kəsişməsində, dördüncü qovşaq prospektin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tikiləcək.

Daha bir qovşaq, prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsində (indiki “Çermet” adlanan ərazidə) yerləşən yol qovşağı isə yenidən qurulacaq, hazırda burada dəmiryolu üzərində olan yol ötürücüsü söküləcək və yeni yol qovşağı tikiləcək. Eyni zamanda, yoldan piyadaların da normal keçidini və hərəkətini təmin etmək üçün piyada keçidləri inşa ediləcək.

Prospektin yenidən qurulması nəticəsində onun eni indiki 40 metrdən 50-60 metrədək artırılacaq. Yenidənqurmadan sonra “Xutor dairəsi”ndən Azadlıq prospekti ilə kəsişməsinədək hissə 12 zolaqlı, sonrakı hissə 10 zolaqlı olacaq. Hər zolağın eni 3,75 metr nəzərdə tutulub.

P.Mürsəliyevin sözlərinə görə, Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və keçmiş “Qələbə” kinoteatrı yanındakı dairələrdən Böyük Şor yol qovşağına nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir: “Eyni zamanda, Binəqədi, Nərimanov və Nəsimi rayonlarında sənaye və yaşayış məntəqələrindən keçdiyinə görə, ağır yüklü və sərnişin nəqliyyatının normal hərəkətinin təmin olunması üçün hər tərəfdən 3 olmaqla yolda 6 köməkçi yolların olması nəzərdə tutulur”.

Yenidən qurulandan sonra yolda sürətli hərəkəti təmin etmək üçün burada 10 hərəkət zolağının 4-nün sürətli hərəkət zolağı olması nəzərdə tutulub.

Yolla bağlı əsas problemlərdən biri indiyədək yolda yağış-kanalizasiya sisteminin mövcud olmamasıdır. Yolun yenidən qurulması nəticəsində burada həmin sistem yaradılacaq.

Yenidənqurma işləri 2011-ci ildə başlanacaq və azı iki il davam edəcək. Yaxın vaxtlarda yolda işlərin mərhələlərlə həyata keçirilməsinə başlanacaq.

Müddətin uzunluğu kommunikasiyaların sayının çox olması və onların köçürülməsi üçün çox vaxtın tələb olunması ilə bağlıdır. Tikinti işlərinə yalnız bundan sonra start veriləcək.

Z.Bünyadov prospektinin yenidən qurulması onun kənarındakı ticarət və xidmət obyektlərinə təsirsiz ötüşməyəcək: “Yolun bəzi əraziləri yolun kənarında yerləşən ticarət və xidmət obyektləri tərəfindən zəbt olunub, ona görə də hərəkət yolun əsas hissəsinə ötürülür ki, bu da onsuz da gərgin vəziyyətdə işləyən avtomagistralda süni tıxacların yaranmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olur. Buna görə də yolun yenidən qurulması işləri çərçivəsində yol sahəsinə düşən kommunikasiyalar və ticarət-xidmət obyektlərinin hamısı oradan köçürüləcək”.

Hazırda layihələndirmə işləri ilə paralel olaraq yolun kənarındakı ticarət və xidmət obyektlərinin vəziyyəti də araşdırılır: “Hansı tərəfdə hansı obyektlərin söküləcəyi yaxın vaxtlarda bilinəcək”.

Xatırladaq ki, həmin ərazidəki “Dərnəgül bazarı” adlanan sahədə əsasən tikinti materiallarının satışı ilə məşğul olan çoxsaylı satış məntəqələri yerləşir. P.Mürsəliyevin sözlərinə görə, ən pis vəziyyət yoldan Bakı Şampan Şərabları Zavoduna tərəf döngənin ətrafında yaranıb: “Orada bəzi obyektlər yolun ərazisinə elə daxil olub ki, orada köməkçi yoldan söhbət gedə bilməz. Sözsüz ki, onların hamısı söküləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1859

Oxşar yazılar