Manat ötən il bahalaşıb
06 yanvar 2011 16:10 (UTC +04:00)

Manat ötən il bahalaşıb

Ötən il dünya bazarlarında sərbəst dönərli valyutaların məzənnələrində qeydə alınan qeyri-sabitlik, xüsusən də dollar-avro qarşıdurması Azərbaycandan da yan ötməyib. İl ərzində manatın məzənnəsi bir sıra valyutalara nisbətən kəskin dəyişib. Buna baxmayaraq dollara münasibətdə sabitlik müşahidə olunub.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, 2009-cu ildə ABŞ dollarına nisbətən 0,3 faiz ucuzlaşan manat ötən il möhkəmlənib. 2010-cu ildə ümumilikdə milli valyutamız dollara nisbətən 0,7 faiz bahalaşıb. Belə ki, ilin əvvəlində 1 ABŞ dolları 80,29 qəpik olduğu halda dekabrın sonuna 79,77 qəpiyə düşüb. Ötən il dolların manata nisbətən ən yüksək həddi (80,39 qəpik) iyul ayında qeydə alınıb. İlin ikinci yarısından başlayaraq dollar ucuzlaşıb. ABŞ-ın Federal Ehtiyat Sisteminin dövriyyəyə 600 milyard məbləğində əlavə pul buraxması qərarı nəticəsində dollar mövqeyini itirməyə başlayıb. Ancaq bu ucuzlaşma Azərbaycanda kəskin hal almayıb. ABŞ valyutası ölkəmizdə cəmisi 0,5 qəpik ucuzlaşıb. Buna baxmayaraq hazırda dolların kursu son 11 ildə ən aşağı həddə düşüb.

Manatın möhkəmləndiyi digər valyuta avro olub. 2009-cu ildən fərqli olaraq ötən il manat avroya nisbətən bahalaşıb. İl ərzində manat avroya nisbətən dəyərini 8,5 faiz artırıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1575 manatdan ilin sonuna 1,056 manata kimi enib. Avropa valyutasının ucuzlaşması əsasən ilin birinci yarısında qeydə alınıb. İyulun 7-də avronun manata nisbətən rəsmi məzənnəsi 95,6 qəpiyə düşüb. Bu, 26 oktyabr 2002-ci ildən bəri (95,3 qəpik) ən aşağı göstərici olub. 2010-cu ildə avronun manata nisbətən ən yüksək həddi ilin əvvəlində qeydə alınıb.

Manatın bahalaşdığı növbəti valyuta Britaniya funt sterlinqi olub. 2009-cu ildə manat Britaniya puluna nisbətən 10 faiz ucuzlaşsa da ötən il 4 faiz bahalaşıb. İlin əvvəlində 1 funtun məzənnəsi 1,2911 manatdan ilin sonuna 1,2421 manata kimi ucuzlaşıb. Britaniya valyutası yanvarın 19-da il ərzində ən yüksək həddə (1,3174 manat), mayın 19-da isə ən aşağı həddə (1,1482 manat) çatıb.

Rus rublunun manata nəzərən məzənnəsi 2010-cu ildə demək olar ki, sabit qalıb. 2009-cu ildə 3,3 faiz ucuzlaşan rubl ötən il 1,5 faiz bahalaşıb. İlin əvvəlində 1 rublun məzənnəsi 0,0265 manatdan ilin sonuna 0,0261 manata kimi yüksəlib.

2009-cu ildə Yapon iyenası manata nisbətən sabit qalsa da, 2010-cu ildə 11 faiz ucuzlaşıb. İlin əvvəlində 100 iyenanın məzənnəsi 87,58 qəpikdən ilin sonuna 97,32 qəpiyə kimi ucuzlaşıb. Gündoğar ölkənin valyutası mayın 5-də il ərzində ən yüksək həddə (84,67 qəpik), noyabrın 2-də isə ən aşağı həddə (99,37 qəpik) çatıb.

Yola saldığımız ildə manat Çin yuanına nisbətən 2,5 faiz bahalaşıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar