Bakıda əmək yarmarkası keçirilib
10 dekabr 2010 19:55 (UTC +04:00)

Bakıda əmək yarmarkası keçirilib

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yarmarkada 217 müəssisə tərəfindən 2280 boş (vakant) iş yeri, o cümlədən 1806-sı özəl sektor tərəfindən təqdim edilib. Həmin iş yerlərində ən yüksək əməkhaqqı 1200 manat, ən aşağı əmək haqqı isə 85 manat təşkil edib. Yarmarkada Bakı şəhərində fəaliyyət göstərən iri dövlət və özəl müəssisələr, xarici şirkətlər iştirak ediblər.

Nazirlikdə bildirirlər ki, 2010-cu ilin ötən dövrü ərzində məşğulluq xidməti orqanları tərəfindən respublikanın 55 şəhər və rayonunda əmək yarmarkaları keçirilib. Bu yarmarkalarda 2053 müəssisə 15804 boş (vakant) iş yeri ilə iştirak edib və nəticədə 5153 nəfər işaxtaran münasib işlərlə təmin olunub. Həmçinin bu yarmarkalar çərçivəsində 619 nəfər peşə hazırlığı kurslarına, 482 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Bakı şəhəri üzrə rayon Məşğulluq Mərkəzləri tərəfindən keçirilən mini əmək yarmarkalarında 85 müəssisə tərəfindən 850 boş (vakant) iş yeri təqdim olunub. Həmçinin 251 nəfər işsiz vətəndaş, 54 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaş, o cümlədən 28 nəfər əlil münasib işlərlə təmin olunub, 162 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə isə 287 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.

2010-cu ilin 11 ayı ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 3541 nəfər vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub. Bunlardan 2044 nəfəri qadın, 1569 nəfər gənc, 151 nəfəri qaçqın və məcburi köçkün, 28 nəfəri isə əlil vətəndaşların payına düşür.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343

Oxşar yazılar