Dövlət Gömrük Komitəsinin yenilənmiş veb-saytının təqdimatını keçirib
10 dekabr 2010 14:34 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin yenilənmiş veb-saytının təqdimatını keçirib

«APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) yeni istifadəyə verilmiş rəsmi İnternet səhifəsinin (www.customs.gov.az) təqdimat mərasimində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura bildirib.

Ticarətin asanlaşdırılması üçün gömrük siyasətinin təkmilləşdirilməsini vacib sayan əlaqələndirici bu sahədə görülən işlərə görə DGK rəhbərliyinə təşəkkür edib. Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağına ümid edən F.Akçuranın sözlərinə görə, bu, bütövlükdə Asiya və Avropa ölkələri arasında əlaqələrin güclənməsinə kömək edəcək.

DGK-nin yeni rəsmi İnternet səhifəsi barədə məlumat verən komitə sədri Aydın Əliyev burada xarici ticarət iştirakçıları, iş adamları, sadəcə sərhədi keçən adi vətəndaşlar üçün zəruri və mühüm məlumatların yerləşdirildiyini, çoxsaylı xidmətlərin təqdim olunduğunu bildirib.

Onun sözlərinə görə, bu səhifənin yaradılması və burada nəzərdə tutulan yeniliklər DGK-nin informasiya resurslarından daha səmərəli istifadə olunması, gömrük orqanları və biznes strukturları arasında əlaqələrin genişlənməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunmasına imkan verəcək: «Hesab edirik ki, bu sayt gömrük işində tam şəffaflığa doğru atılan əsas addımlardan biridir».

Qeyd edək ki, İnternet səhifədə xarici ticarət dövriyyəsinin vəziyyəti, gömrük qanunvericiliyi, gömrük rüsumları, onların hesablanması qaydaları və s. barədə məlumatlardan əlavə sərhədi keçən iş adamları və adi vətəndaşları maraqlandıran zəruri məlumatlar yerləşdirilib.

Səhifənin «Səyahətçilər üçün məlumat» bölməsində sərhədi keçən fiziki şəxslərin ölkəyə gətirə biləcəyi və ya ölkədən çıxara biləcəyi mal və pul vəsaitinin məbləği, nəqliyyat vasitələrinin gətirilməsi qaydaları və s. zəruri məlumatlar əksini tapıb. Səhifədə gömrük bəyannamələrinin formaları ilə də tanış olmaq mümkündür.

İnternet səhifə vasitəsilə xarici ticarət fəaliyyəti ilə məşğul olanlar özləri barədə məlumatlar verə bilər. A.Əliyev bildirib ki, istənilən iş adamı və şirkət bu səhifədə öz vəziyəti və məhsulu barədə də məlumat yerləşdirə bilər, amma bu şirkətin yalnız öz razılığı və icazəsi ilə olmalıdır. Məsələn, kim hansı məhsulu gətirir və ya nə işlə məşğuldur: «Bu məlumatlar onun fəaliyyətiyb asanlaşdıra və sahibkar kimi işlərini sürətləndirə bilər».

Bundan başqa? şirkətlər xüsusi login və parol almaqla özü barədə məlumatı - öz şirkəti tərəfindən aparılan xarici ticarət - idxal-ixrac əməliyyatları barədə məlumatları izləyə bilər. Amma bu məlumatlar yalnız həmin şirkətlərin özünə açıq olacaq.

DGK-nin Statistika və informasiya texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib ki, səhifədə sahibkarlar üçün vacib olan və gömrük prosedurlarının asanlaşdırılmasına kömək edən elektron gömrük xidmətləri də nəzərdə tutulub. Məsələn, logistika (yük daşımaları) ilə məşğul olan şirkətlər saytda qeydiyyatdan keçməklə «yaşıl kart» ala bilərlər ki, bu da onların sərhdi keçərkən yoxlanması və qeydiyyatı prosesini sürətləndirəcək.

Bundan başqa, əvvəllər idxal-ixrac əməliyyatları ilə məşğul olan şəxslər bunun üçün statistik kodu komitəyə müraciət etməklə alırdılar. İndi isə lazımi kodları və pasport məlumatlarını daxil etməklə statistik kodu veb-sayt vasitəsilə də əldə etmək olar.

Avtomobil vasitəsilə Azərbaycana gəlməyə hazırlaşan şəxslər əvvəlcədən İnternet saytına daxil olub, bura lazımi məlumatları yerləşdirə bilər – nəticədə, həmin şəxs gömrük məntəqəsinə çatanda bu məlumatlar artıq gömrük işçilərində olacaq ki, bu da rəsmiləşdirmə və sərhədi keçmə prosesini asanlaşdırmalı və sürətləndirməlidir.

İnternet səhifə vasitəsilə həm fiziki, həm də hüquqi şəxslər elektron ödəmələr də apara bilər. Bunun üçün lazımi qaydada qeydiyyatdan keçmək lazımdır. Ödəmə əməliyyatları «Visa» və «MasterCard» sistemləri vasitəsilə də mümkündür.

Ümumlikdə, İnternet səhifədə «E-gömrük xidmətləri», «Xarici fəaliyyət iştirakçılarının ofisi», «Elektron ödəmə sistemi», «Statistik kodun verilməsi», «İlkin məlumatlandırma», «Nəqliyyat operatorlarının qeydiyyatı», «Nəqliyyat vasitələri üzrə gömrük ödənişləri kalkulyatoru» və s. bölmələr var.

Gömrük Komitəsindən «APA-Economcs»ə verilən məlumata görə, veb-saytın yeni tərtibatı və burada təqdim olunan yeniliklər və xidmətlər gömrük-biznes əməkdaşlığının güclənməsinə və şəffaflaşmasına kömək edəcək. İnternet səhifədə hətta bu sahədə işləyən şirkətlərin işçi axtarması, eləcə də bu sahələrdə iş axtaranların işini asanlaşdıran sistemlər yer alıb.

Xatırladaq ki, DGK-nin rəsmi internet səhifəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi müsabiqədə «Ən yaxşı elektron xidmət» nominasiyasında I yerə, Azərbaycan İnternet Forumunun keçirdiyi «Milli Net - 2010» müsabiqəsində dövlət və bələdiyyə saytları arasında II yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1598

Oxşar yazılar