"Leyla-R" firması cəzalandırıldı
06 dekabr 2010 16:53 (UTC +04:00)

"Leyla-R" firması cəzalandırıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Sumqayıtdakı Üzvi Sintez Zavodunun ərazisində "Leyla-R" firmasında pozuntular aşkarlayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, firmaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polietilen torbaların gigiyenik sertifikatı olmadan istehsal edildiyi aşkarlanıb. Həmçinin həmin torbaların etiketlərində təyinatına uyğun olaraq, "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözləri göstərilməməklə istehlakçılara zəruri məlumatların verilmədiyi müəyyən edilib.

Bu pozuntularla əlaqədar polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, habelə gigiyenik sertifikatı olmadan istehsal edilmiş və üzərində istifadə təyinatı barədə istehlakçılar üçün zəruri məlumatlar qeyd edilməyən 3,2 ton polietilen torbanın satışının qadağan edilməsi barədə "Leyla-R" firmasına icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara ərzaq malları üçün polietilen torba alarkən, habelə ticarət şəbəkələrində aldıqları ərzaqlar polietilen torbalara yığılarkən, həmin torbaların etiketlərinə diqqət yetirməyi, ərzaq malları üçün yalnız etiketlərində "Ərzaq malları üçün" sözləri qeyd olunmuş polietilen torbalardan istifadə etməyi tövsiyə edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar