Bankların şəffaflıq indeksi açıqlandı
25 oktyabr 2010 12:58 (UTC +04:00)

Bankların şəffaflıq indeksi açıqlandı

Standard & Poors beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının informasiya şəffaflığı indeksini açıqlayıb.

Lent.az “İqtisadi forum” jurnalına istindən bildirir ki, agentliyin mütəxəssislərinin hazırladıqları “Azərbaycan banklarının informasiya şəffaflığı: aşağı tənzimləyici intizam məlumatın açıqlanması sahəsində inkişafa əngəl törədir” adlı tədqiqatda ölkənin 30 iri bankının informasiya şəffaflığı indeksi (İŞİ) üzrə orta bal 30 faiz təşkil edib. Maliyyə məlumatlarına əlçatanlığın qiymətləndirilməsinə daha mühafizəkar yanaşdıqda məlum olur ki, orta göstərici daha aşağıdır və 19%-ə bərabərdir. Bu göstərici MDB ölkələrinin analoji bankları ilə müqayisədə kifayət qədər aşağıdır. Məsələn, Rusiyada bu səviyyə 52%, Ukraynada isə 43% təşkil edir.

Tədqiqata görə, Azərbaycan banklarının aşağı orta balı əsas etibarilə veb-saytlarda məlumatların kifayət qədər olmaması, illik hesabatların tam yerləşdirilməməsi, o cümlədən rəsmi hesabatlılığa aşağı tələbin olması ilə bağlıdır. Bundan başqa məlumatların ingilis dilində açıqlanması səviyyəsinin məhdud olması da balın səviyyəsinə təsir göstərib. 30 bank arasında “AccessBank”, “Muğanbank”, “Əmrahbank”, “Rabitəbank” və “DəmirBank” şəffaflıq üzrə ən yüksək göstəriciyə malik olub. Bu bankların hər biri 40 faizdən çox bal toplayıb. Ölkədə ən şəffaf bank (52 faiz) “AccessBank”dır.

Tədqiqata görə, banklar tərəfindən məlumatların açıqlanması təcrübəsinin əsas xüsusiyyəti daha çox bunlardır: bu banklar əsas benefisiar mülkiyyətçilər haqqında məlumatı açıqlayırlar, auditdən keçmiş maliyyə hesabatını dərc edirlər, risklərin idarə edilməsi üzrə tam məlumat təqdim edirlər, idarəetmə orqanları haqqında geniş məlumatlar nümayiş etdirirlər. Tədqiqat göstərir ki, banklar digər komponentlərlə müqayisədə mülkiyyətin strukturu haqda daha çox məlumat verirlər. Bu komponent üzrə orta bal 48 faiz təşkil edir. İkinci yerdə maliyyə məlumatlarının açıqlanması səviyyəsi (36 faiz) gəlir. Ancaq cari əməliyyatlar və idarəetmə orqanlarının fəaliyyət planı və tərkibi haqda məlumatların açıqlanması səviyyəsi isə aşağıdır. Korporativ prosedurlar və idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması barədə isə həddindən az məlumatlar açıqlanır.

Hesabata görə, Azərbaycanın tənzimləyici orqanları banklardan bir neçə növ hesabatı dərc etməyi və müəyyən həcmdə cari məlumatlar təqdim etməyi tələb edirlər. Ancaq banklar bu tələbləri zəif yerinə yetirilər. Müəlliflər tələblərə tam əməl etməyi məhdudlaşdıran müxtəlif aspektlər arasında banklar tərəfindən tənzimləyici orqanlara təqdim edilən mövcud hesabatların mərkəzləşdirilmiş bazasının olmamasını qeyd edirlər. 2010-cu ildə cəmi 14 bank maliyyə hesabatlılığı üzrə beynəlxalq standartlar (MHBS) üzrə illik maliyyə hesabatını internet səhifələrində yerləşdirib. Daha 12 bank sorğu əsasında maliyyə hesabatını təqdim edib. Bankların mülkiyyət strukturunun analizi göstərir ki, bank sektorunda mülkiyyətçilərin konsentrasiyası yüksəkdir. Bankların 93 faizində payı 25 faizdən çox olan və nəzarət səhm paketinə sahib ən azı 1 mülkiyyətçi mövcuddur. Bankların 79 faizində majoritar səhmdarlar var.

Tədqiqata cəlb edilən 30 bank Azərbaycanın ən böyük banklarıdır. Bank aktivlərinin 96 faizi onların payına düşür.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar