“MBASK” Sığorta Şirkəti “AXA Group”la müqavilə bağladı
14 oktyabr 2010 13:25 (UTC +04:00)

“MBASK” Sığorta Şirkəti “AXA Group”la müqavilə bağladı

“MBASK” Sığorta Şirkəti səhmlərini 51 faizlik nəzarət zərfini dünyanın ən iri sığorta şirkətlərindən olan “AXA Group”a satıb.

Lent.az-ın məlumatına görə, bu barədə iki şirkət arasında razılaşma sənədinin imzalanma mərasimində bildirilib. “MBASK” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Eldar Qəribov deyib ki, şirkətin nizamnamə kapitalının 49 faizi səhmdar olaraq onun özündə qalacaq. Onun sözlərinə görə, razılaşmaya əsasən, nəzarət zərfinin 30 faizi “AXA Segorus Generales” Şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB), 21 faizi isə “MBASK” səhmdarına məxsus səhmlərin alınması hesabına əldə edilib.

“AXA Segorus Generales” şirkətinin səhmlərin nəzarət zərfinin əldə edilməsi ilə “MBASK”ın Direktorlar Şurasının və İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi gözlənilir. Belə ki, “AXA Segorus Generales” tərəfindən “MBASK”ın Direktorlar Şurasına 3, İdarə Heyətinə isə 2 namizəd irəli sürüləcək. Səhmdar Eldar Qəribov isə Direktorlar Şurasının sədri olaraq qalacaq.

AXA-nın Aralıq Dənizi və Latın Amerikası regionu şirkətinin maliyyə direktoru Frederik Fleju bildirib ki, təmsil etdiyi qurum bütün imkan və təcrübələrini səfərbər edərək “MBASK”ın yerli nüfuzunun qaldırılmasına yönəldəcək: «Biz yeni bazarlarda imkanlarımızdan istifadə edərək müştərilərimizin müdafiəsinə hazır olduğumuzu göstərəcəyik. Artıq “MBASK” da bizim qrupa qoşulub və bu, “MBASK”ı yeni səviyyəyə qaldıracaq”.

Frederik Fleju deyib ki, “AXA Segorus Generales” şirkətinin “MBASK”la tərəfdaşlığında 3 əsas məqsəd var: Azərbaycanda potensial sığorta imkanlarını inkişaf etdirmək, aşağı səviyyədə olan sığorta alətlərini gücləndirmək və “MBASK”ın süğorta bazarındakı gücünü və nüfuzunu artırmaq. Onun sözlərinə görə, təmsil etdiyi şirkət “MBASK”ın bütün imkanlarını, işçi kadrların səviyyəsini öyrəndikdən sonra onunla əməkdaşlıq barədə qərar qəbul edib.

“Bu bu şirkəti hərtərəfli öyrəndik və bildik ki, “MBASK” sağlam komandadır, onlarla yaxşı işbirliyi qurmaq olar. Biz 56 ölkədə qazandığımız təcrübəni Azərbaycanda da tətbiq edəcəyik ki, burada sığorta bazarı yüksək səviyyədə inkişaf etsin” - deyə, Frederik Fleju əlavə edib.

O həmçinin qeyd edib ki, hazırda “AXA Group” sığorta şirkətinin 1 milyarda yaxın müştərisi var. Şirkətin dünyanın 56 ölkəsində tərəfdaşları fəaliyyət göstərir və onların sığorta yığımlarının həcmi ümumilikdə 90 milyard dollardır. 35 milyard dollar kapitala malik şirkətin əsas müştəriləri avtomobil və həyat sığorta ilə bağlıdır. Bu şirkətin tərəfdaş olduğu ölkələr arasında ən çox sığorta yığımları isə Fransanın payına düşür. Belə ki, şirkət özünün ümumi sığorta yığımlarının 25 faizə qədərini bu ölkədə əldə edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1801

Oxşar yazılar